Ağcabədidə Laçının işğalının 27-ci ildönümü qeyd olunub
  • DAĞLIQ QARABAĞ

  • 15:00 17 May 2019

Ağcabədidə Laçının işğalının 27-ci ildönümü qeyd olunub

Ağcabədidə Laçın rayonunun işğalının 27-ci ildönümü qeyd olunub.

ONA-nın Qarabağ bürosunun xəbərinə görə, Taxta körpü qəsəbəsində təşkil olunan tədbirdə laçınlıların kompakt şəkildə məskunlaşdığı obaların yüzlərlə sakini iştirak edib.

Bir araya gələn laçınlılar torpaqların bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.

Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov jurnalistlərə açıqlamasında bildirib ki, işğal nəticəsində Laçın rayonun 365 nəfər hərbi və mülki sakini həlak olub və ya itkin düşüb. Həmin vaxt öz yurdunu tərk etmək məcburiyyətində qalan 66 min nəfər laçınlı ölkənin 58 şəhər və rayonunda məskunlaşıb. Hazırda Laçın rayonu əhalisinin sayı 76 600 nəfərə çatıb. 15 min laçınlı ailəsi mənzillə təmin olunub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yaxın zamanlarda laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 245 ailəlik yeni qəsəbənin tikilməsi planlaşdırılır.

Laçın rayon Şəlvə ərazi nümayəndəliyinin Dambulaq kənd sakini Məmməd Süleymanov ONA-ya açıqlamasında köçkün düşdükdən sonra 15 il birotaqlı torpaq daxmada qaldığını deyib: “Bu gün Laçının işğalından 27 il keçir. Dəniz səviyyəsindən 3594 metr hündürlükdə yaşıl dağlarda yaşayıb, saf bulaq suyundan içdikdən sonra 27 ildir aranda, şoran torpaqlarda torpaq daxmalarda yaşayırıq. Soydaşlarımızın çoxu böyük şəhərlərdə hündür binalarda yaşamaq məcburiyyətində qalıblar. Onların çoxu mənzillə təmin olunsa da, hələ də şəraitsiz vəziyyətdə yaşayan ailələr var”.

Vağazin obasında məskunlaşan Vüqar Abbasəliyev ONA-ya bildirib ki, uzun illər topladıqları var-dövlət 1992-ci ilin mayın 17 də bir gecədə ermənilərin əlinə keçib. İlkin olaraq yerdənqazma damlarda yaşayıblar. İllər sonra onlara qismən şərait qurulub: “27 ildir biz bu yerlərdə yaşayırıq  və ya  yaşamaq məcburiyyətində qalmışıq. Hazırda mal-qara saxlayırıq. Lakin Laçın işğaldan azad olsa, bir gün də burda qalmayacağam. Ailəmi də götürüb gedəcəyəm. Mən var-dövlət istəmirəm, mən torpağımı, Laçınımı istəyirəm”.

Qeyd edək ki, 1992-ci il mayın 17-də gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Beləliklə, Laçın rayonunun 1835 kvadrat kilometr ərazisi, rayonun 1 şəhəri və 121 kəndi Ermənistan ordusunun nəzarətinə keçib.

Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. İşğal nəticəsində əhaliyə və dövlətə 7,1 milyard ABŞ dolları ziyan dəyib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. VI əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox eksponatı ermənilər tərəfindən talan olub. Qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiya ermənilərin əlinə keçib.

Habil Aslanoğlu

Teqlər: Laçın. Ağcabədi bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR