Azərbaycan Ermənistandan 3 vətəndaşının qaytarılmasını tələb edir
  • DAĞLIQ QARABAĞ

  • 11:39 17 Dekabr 2020

Azərbaycan Ermənistandan 3 vətəndaşının qaytarılmasını tələb edir

“Üçtərəfli Bəyanata uyğun olaraq, humanitar proseslər bundan sonra da davam edəcək. Dediyim kimi, döyüş bölgəsində qalmış hər iki tərəfə aid hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesi beynəlxalq vasitəçiliklə davam etdirilir”.

ONA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov AZƏRTAC-a müsahibəsində deyib. 

“Bundan başqa, hazırda Azərbaycan Respublikasının beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir”, - deyə o vurğulayıb.

 

E. Səmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə humanizm prinsiplərindən çıxış edərək birtərəfli qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası cari ilin 29 oktyabr, 2 dekabr, 9 dekabr və 11 dekabr tarixlərində 9 ermənini qarşı tərəfə təhvil verib. Həmin proseslər zamanı Azərbaycan tərəfi humanizm prinsiplərinə hörmətlə yanaşaraq, ilk növbədə yaşlı insanları qeyd-şərtsiz azad edib, onların öz yaxınlarına qovuşmasını təmin edib.

O qeyd edib ki, keçirilmiş bütün humanitar proseslərdə bütövlükdə 54 erməni azad edilib: “Onlardan 6 nəfəri 2020-ci il sentyabrın 27-dən əvvəl Azərbaycan ərazisində saxlanılmış şəxslərdir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən yerləşdirildikləri xəstəxanada aldıqları müalicəyə və həkimlərin hərtərəfli səylərinə baxmayaraq, vəfat etdikləri üçün meyitləri beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR