• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:33 22 dekabr 2020

Azərbaycan Ordusunun erməni vəhşiliyinə son qoyan zəfəri: Ağdamda nə gördüm? - REPORTAJ

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayıb. Bu silsilədən ilk reportajı təqdim edirik:

Üzü Ağdama

Bakıdan çıxmışıq. İstiqamət Qarabağdır. Üç gün ərzində Ağdam, Füzuli, Cəbrayıl rayonlarını gəzəcək, işğaldan azad olunmuş bu rayonlarda erməni vəhşiliyinin işlərini gözlərimizlə görəcək, orada yerləşən tarixi abidələrin hazırkı vəziyyətini öyrənməyə çalışacağıq. Əvvəlcədən deyim ki, maraqlı olduğu qədər də təhlükəli səfərdir. Ordumuz artıq bu ərazilərə nəzarət etsə də, bilmək olmaz 30 il ərzində ermənilər bizim üçün nə “sürprizlər” qoyub gediblər. Buna görə də səfər boyu bizi polis əməkdaşları müşayiət edəcək, biz də sözün həqiqi mənasında yalnız onların izi ilə addımlayacağıq.

***

Təhlükəli səfər

Ağdam. Evoğlu postu. 27 sentyabra qədər ermənilərlə sonuncu təmas xətti. Buradan Ağdamın mərkəzinə 7 kilometrdir.

44 günlük Vətən Müharibəsindən sonra Ağdamın işğaldan azad edilmiş əraziləri buradan başlayır.

Əziz oxucuya bəri başdan deyim ki, ömründə heç vaxt Qarabağ bölgəsində olmayan və buralara ilk dəfə gələn biri kimi mənə bu yer - nə yalan deyim – yalnız “Dolu” filminin sonluğundan tanışdır. Ona görə də bu yazılar boyu hər hansı səhvlə qarşılaşarsa, anlayışla qarşılamasını rica edirəm.

Həmin filmin sonunda Ruhlar düşmənin elə bu ərazidə quraşdırdığı tikanlı məftilli səngəri yararaq Vətənə-Ağdama yürüş edirlər. Onda bəlkə bu səhnə çoxlarına irreal və bir qədər sentimental təsir bağışlasa da, artıq gerçəklikdir. 30 ilə yaxındır, bizə xəyal, nağıl kimi görünənlər artıq reallaşıb. Bundan sonra bu səngəri keçib Ağdama gedən təkcə ruhlarımız olmayacaq, bütün canımızla o torpaqlara ayaq basacaq, o torpaqların havasını udub, suyunu içəcəyik.

Ermənilər bu ərazilərdən qovulsalar da, təhlükə qalmaqdadır. Görüləcək iş çoxdur. Ona görə də hələ ki, heç kim ərazilərə nəzarətsiz buraxılmır. Ermənilər buralardan çıxanda hər tərəfi minalayıblar, atdığın hər addıma diqqət etməlisən.

Burdan sonra bizi təkcə ərazilərə nəzarət edən polislər müşayiət etməyəcək, həm də yolların kənarlarına çəkilmiş məhdudiyyət xətləri, yol qırağına basdırılmış, betonu hələ qurumamış "mina" yazılı xəbərdarlıq nişanları, "təhlükə" qeydli lentlər də müşayiət edəcək. Və biz heç birinin sözündən çıxmayacağıq, nə insanların, nə nişanların.

Lakin, əziz oxucu. Gəl, tələsməyək, deyəcəyik, hər şeyi deyəcəyik, görəcəyik, hər şeyi görəcəyik. Bu yazıda sevinclə yazılmış cümlələr də oxuyacaqsan, qəhərdən doğan cümlələr də. Azad olunmuş torpaqların məsudluğunu da yaşayacağıq, bərəkətli torpaqlardan, qaim-qədim abidələrdən, məscidlərdən, ocaqlardan, türbələrdən, uca-uca binalardan, bağ-bağatlı həyətlərdən, dumduru bulaqlardan geridə qalan xarabalığın məyusluğunu da.

Hə, başlayır: sevinc də, həyəcan da, qəzəb də, hikkə də, köksdə yumruğa dönmüş kədər də.

Beləliklə, postu keçib, burda bizə qoşulan bələdçimizlə birlikdə ayaq qoyuruq işğaldan azad edilmiş torpaqlara.

Yol boyu keçmiş erməni postlarını ötüb gedirik. Vaxt var idi, bu postlarda erməni əsgərləri gizlənib silahlarını bizim gəldiyimiz tərəflərə tuşlamışdılar. İndi onlardan geriyə dağınıq sığınacaqlar, bir də boş konserv qabları, erməni dilində yazılı lövhələr, qondarma respublikanın əsgərlərinin geyimləri qalıb.

Yol kənarında minatəmizləyən maşınlar dayanıb. Bu maşınlar geniş düzənlik ərazilərdə mina axtarışları aparmaq üçündür. Ərazilər minalardan tamamilə təmizlənmədikcə təyin olunmuş marşrutdan kənara çıxmaq ciddi təhlükədir. “Təhlükə” kəlməsi buralarda “salam” sözü kimi işləkdir, dodaqların ucundan asılıb.

Bu da Ağdamın Sarıcalı kəndi, daha doğrusu kənddən geriyə qalan bir yığın daş. Elə bil Qarabağ düzünə nəhəng bir dinozavrın skeleti sərilib. Ağdamın mərkəzinə gedən yol kəndin ortasından keçir. Yolun solunda vaxtı ilə Sarıcalı kəndində fəaliyyət göstərən dəyirmanın - “Melkombinat”ın binası, daha doğrusu, quruca divarları qalıb. Bütün Ağdamın taxılı bu dəyirmanda üyüdülürmüş.

Hələ bunlar nədir ki, qarşıda bizi daha dəhşətli mənzərələr gözləyir.

Erməni hiyləgərliyi

Uzaqdan bir təpə qaralır. Bələdçimiz qədim yaşayış məskəni sayılan Üzərliktəpə olduğunu deyir. Burada 1950-ci illərdə arxeoloji qazıntılar aparılıb, dünya əhəmiyyətli, orta tunc dövrünə aid abidədir. Düzdür, bunu bələdçimiz demir, sonradan internetə baxıb öyrənirəm, amma olsun. “Oralar da hələ minadan tam təmizlənməyib. Ona görə yaxınına gedə bilməyəcəyik. Ermənilər çox hiyləgərdir, bilirlər ki, biz qayıdan kimi tarixi abidələrə, qəbiristanlıqlara baş çəkəcəyik, ona görə də minaları ən çox həmin ərazilərə basdırıblar”, - bu da bələdçimizin dilindən çıxır.

Artıq şəhər mərkəzinə yaxınlaşmaqdayıq. Əgər bayaq gördüyümüz daş tikili qalıqları daha seyrək idisə, indi getdikcə sıxlaşır. Yolun qırağında Azərbaycan bayrağı dalğalanır. Azərbaycan Prezidenti Ağdama səfəri zamanı məhz burda bayraq qaldırmışdı.

Bir qədər aralıdan Pənahəli xan və oğlu İbrahimxəlil xana məxsus türbələrin konusvari damı və bir zamanlar xanın yaşadığı İmarətin günbəzi görünür. Təəssüf ki, hazırda İmarət də təhlükəli yerlərdən hesab olunur. Biz də türbə və imarəti yalnız uzaqdan çəkməklə kifayətlənirik.

Bir azdan şəhərin lap içinə gedəcəyik və onda görəcəyik ki, Ağdam şəhərində ermənilərin hərbi hissə kimi istifadə etdikləri binadan, Ağdam Cümə məscidindən və şəhərin kənarında heyvan saxlamaq üçün istifadə etdikləri bir neçə tikilidən başqa bina, ev, dam-daş qalmayıb. Evlər, binalar, damlarına, döşəmələrinə, pəncərələrinə qədər dağıdılıb, daşınıb aparılıb, ancaq yalın divarlar qalıb. İndi bu şəhərin sakinləri xarabalıqların içindən boy verib çıxmış kollar-ağaclar, bir də yem ümidiylə ora-bura qaçışan itlər-pişiklərdir. Vaxtilə şəhərin küçələrini bəzəyən hündür, füsunkar arxitekturalı nəhəng binaların yerində ancaq daş topaları qaralır.

Böyük daş karxananın ortasında...

Bu da Ağdam Cümə Məscidi. Xarabalığın ortasında göylərə açılmış bir cüt əl kimi yüksəlmiş minarələr. Görəsən, hansı qüvvə olub tanrıtanımaz ermənilərə buranı dağıtmağa imkan verməyən?

Bələdçimizdən soruşuram.

Deyir yaxınlıqda başqa hündür tikili qalmadığına görə ermənilər minarələrdən koordinatları təyin etmək üçün istifadə edirmişlər. Ona görə də uçurmayıblar. Yəni onların məscidi dağıtmamaqlarının yeganə səbəbi hərbi məqsəd olub, yoxsa başqalarının dini inancına hörmət edən deyillər. Əksi olsaydı, Ağdam Cümə Məscidindən, elə səfərimiz zamanı ziyarət edəcəyimiz digər məscidlərdən mal-donuz tövləsi kimi istifadə etməz, divarlarına ermənicə təhqiramiz yazılar yazmazdılar.

Mən həm də belə düşünürəm ki, onların bütün başqa abidələri dağıdıb daşını, taxtasını, dəmirini daşıyıb məscidləri saxlamağının bir səbəbi də bizə göz dağı vermək idi. Onun üçün bu illər ərzində orda mal-donuz saxlayaraq bizim dini heysiyyətimizi təhqir etmək məqsədi güdüblər. Fikirləşiblər ki, beləcə daha çox mənəvi əzab verərlər bizə...

Damından əsər-əlamət qalmayan məscidin ətrafında polislərlə birgə hərbçilər də əraziyə nəzarət edir. Aralıdakı paslı “boçka”da korun-korun odun parçaları tüstüləyir, tüstü ilə birlikdə ətrafa xoş ocaq qoxusu yayılır, bir az da olsa, içimizdəki gərginliyi qovub aparır.

Məscid Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilib. Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən biri hesab olunur və 2001-ci ildə ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Məscidə girmək istəyirik, bildirirlər ki, ayaqqabıları çıxarıb keçmək lazımdır. Baxmayaraq ki, məscidin torpaq döşəməsi soyuq və tozludur, Prezident İlham Əliyevlə Birinci xanım Mehriban Əliyevanın Ağdam Cümə Məscidini ziyarətindən sonra bura gələn hər kəs hörmət əlaməti olaraq onlar kimi ayaqqabılarını soyunub içəri keçirlər. Artıq məscidin içində bir neçə döşək atılıb, canamazlar sərilib, möhür qoyulub. Kim istəyirsə, namaz qıla bilər. Mehrabın qarşısındakı kürsünün üzərində isə Prezidentlə xanımının hədiyyə etdiyi Quran qoyulub. Yanında başqa Quran kitabları, təsbeh və möhürlər də var. Vaxtilə mehrabı bəzəmiş kaşılar bəzi yerlərdə hələ qalır. Əlimi mehrabın daşlarında gəzdirirəm... Ağdam məscidi də bu işğal illərində az ağrı çəkməyib, divarların dili olsa, danışar. Danışar, 1992-ci ildə Xocalı soyqırımının qurbanlarını necə qəbul etməsindən, danışar, Allahın evinin təhqir olunub tövləyə çevrilməsindən, danışar, 27 il girovluqda qalmağından, düşmən zülmünə dözməyindən...

Məscidin minarəsinin dar pillələri ilə şərəfəyə qalxırıq. Buradan Ağdam ovuc içi kimi görünür. Elə bil böyük bir daş karxananın ortasındasan, hər tərəf pambığı yığılmış tarla kimi ağarır. Baxdıqca qəzəblənməmək, hirslənməmək mümkün deyil. Vaxtilə ağdamlıların fəxrlə “Dünyanın ən varlı şəhəri” adlandırdığı şəhər atom bombasından sonrakı Xirosimanı xatırladır. Elə bil buralardan fentezi filmlərindəki yarı-uydurma vəhşi ordular keçib gedib.

Məscidin çəkilişlərini yekunlaşdırmaq üzrəyik. Bayaqkı “boçka”nın başına əsgərlər topalaşıb, söhbətləşirlər. Bir it əzvay addımlarla onlara yaxınlaşır. Əsgər çörək atır. İt acgözlüklə çörəyi qapır. Başqa əsgər iti çağırır: “paşik, paşik”. Hə, burda bütün itlərin bircə adı var: paşik. Füzulidə də, Cəbrayılda da çoxlu belə ac, bir dəri, bir sümük heyvanları görəcəyik. Oralarda da hamı itləri bir adla çağırır: paşik. Sonra da gülə-gülə əlavə edəcəklər: “Bəs nooldu, vermirdin?”

İnanıram ki, bizim qayıdışımızdan sonra bu torpaqların daşı-torpağı, gülü-çiçəyi kimi itləri-pişikləri də sevinəcəklər, bundan sonra daha ac-yalavac qalmayacaqlar.

Yandırılmış məscid, ayağa verilən avtomat

Növbəti dayanacağımız Qiyaslı kəndindəki məsciddir. Bu yerdə zəruri bir qeyd edim: Səfərdən qayıtdıqdan sonra məlumat əldə etdiyimiz tarixi abidələr barədə AMEA Elm Tarixi İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevlə məsləhətləşib, bir çox abidələrlə bağlı onun fikirlərini də öyrəndik. Yeri gəldikcə onun söylədiklərini təqdim edəcəyik.

Alimin fikrincə, Qiyaslı məscidi Qarabağ xanlığı zamanında inşa edilib: “XVIII əsrə aid iri mərkəzi tağ elementi buna bənzər digər məscidlərdə olduğu kimi, Qiyaslı məscidinə də xasdır. Məscidin iki minarəsinin olduğunu ehtimal etmək mümkündür. Bu, o dövrün memarlıq xüsusiyyətidir. Şuşa və Ağdam şəhər məscidinə bənzərliyi bu fikirlərimizi bir daha təsdiq etmiş olur”.

Maşını yaxınlıqda saxlayırıq. İçəri keçmək təhlükəlidir. Ona görə də aralıdan çəkməyə çalışırıq. Abidənin yanına atılıb qalmış ot preslərindən də görünür ki, Qiyaslı məscidində ermənilər mal-donuz saxlayırmışlar. Ağdamı boşaldanda isə məscidi yandırıb çıxıblar.

Məscidin yaxınlığındakı tikililərin bəziləri yararlı vəziyyətdədir. Hiss olunur ki, ermənilər Ağdamı boşaldana qədər buralarda yaşayış olub. Yəqin məsciddə donuz saxlayan ermənilər qalırmış. Birdən pəncərəsi bizə baxan evlərdən birində pərdə yüngülcə qalxır. Elə bil kimsə içəridə gizlənib müşahidə edir, açıq pəncərədən bizi güdür. Yalan yox, adamın ağlına hər şey gəlir, 30 ilə yaxın müddətdə buralara nəzarət etmiş ermənilər, dağı-dərəni, gizli keçidləri pis tanımırlar. İçimdə ermənilərə qarşı inamsızlıq o qədər dərindir ki, açığı hər şey gözləyirəm. Pərdə yenə titrəyir. Kino kimi səhnələr... Həyəcanımızı bələdçimizə də çatdırırıq. Bayaqdan bizimlə deyib-gülən, xoşxasiyyət bələdçimiz qəfil dəyişib tamam ayrı adam olur. Silahı ayağa verib tikilini diqqətlə müşahidə edir... Bir saniyə... İki saniyə... Hamının gözü pərdədədir.

“Külək tərpədir”, - nəhayət bələdçimizin arxayın səsi eşidilir. “Ermənilərin ağzı nədir, bir də bura qayıtsınlar, onları elə qovmamışıq ki” sözlərini də əminliklə əlavə edir.

Yanmış məscidin çəkilişlərini tamamlayırıq. Bundan sonra yolumuz Şabhulağadır...

(ardı var)

Davamında oxuya bilərsiniz: Ermənilər Şahbulaqda niyə arxeoloji qazıntı aparırdılar? Pənahəli xanın tikdirdiyi qalanın yerindəki Tiqaranekert muzeyi... Ermənilər Şahbulaqda aparılan arxeoloji qazıntılar zamanı tapılan eksponatları hara daşıyıb? Qızıl Kəngərli kəndində ermənilərin yandırdığı evlər... Sufi şeyxinin türbəsi...

Mirmehdi Ağaoğlu

ONA

Teqlər:

SON XƏBƏRLƏR