Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilib
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 12:39 24 Noyabr 2020

Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Azərbaycan ictimaiyyəti üçün mühüm və dövlət əhəmiyyətli məlumat açıqlayıb.

APA-nın məlumatına görə, Nəcəf Müseyibli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən torpaqlarımızla birlikdə qədim abidələrimiz də işğaldan azad olunub. Otuz ilə yaxın bir müddətdə Ermənistan işğal altındakı ərazilərimizdəki tarixi abidələrdə beynəlxalq konvensiyalara zidd olaraq qanunsuz arxeoloji tədqiqatlar aparıb və bu işə bəzi Avropa alimlərini də cəlb edib. Bununla əlaqədar olaraq artıq Azərbaycan Respublikası Prokurorluğunda cinayət işi açılıb və müvafiq tədbirlər həyata keçirilir.

Nəcəf Müseyiblinin sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycan hərbçiləri Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar etmələri barədə Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat veriblər. Bununla əlaqədar olaraq müəssisə tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və AMEA-nın rəhbərliyi məlumatlandırılıb.

Məlumat mühüm əhəmiyyət kəsb etdiyi üçün təcili olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi ilə birgə institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalov həmin rayona ezam olunub. Yerində baxış zamanı müəyyən edilib ki, bu qutularda işğal müddətində dünya əhəmiyyətli abidə, paleolit dövrünə aid ibtidai insan düşərgəsi olan Azıx mağarasında Ermənistan və digər ölkələrin alimlərinin apardıqları qanunsuz arxeoloji qazıntılar nəticəsində aşkar edilən tapıntılar qablaşdırılıb. Bunların əksəriyyəti qədim fauna qalıqlarıdır. 90-a yaxın plastik qutulardakı bu tapıntılar dünən axşam Bakıya gətirilərək institutun Arxeoloji Fondunda yerləşdirilib.

Maraqlıdır ki, qutuların birində işğalçıların qanunsuz ekspedisiyasının bəzi çöl-tədqiqat sənədləri aşkar olunub. Görünür, işğalçılar bu tapıntıları özləri ilə birgə Azərbaycan Respublikasından çıxarmağa imkan tapmayıblar. Amma qanunsuz qazıntıların bütün tapıntılarının hamısının burada olub-olmadığı da məlum deyil.

Professorun bildirdiyinə görə, bütün bu tapıntılar Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq, təhlil ediləcək, bu barədə Azərbaycan Respublikası Prokurorluğuna və geniş ictimaiyyətə ətraflı məlumat veriləcək. Alimlərimiz bu işdə əməyi olan hərbçilərimizə və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə dərin təşəkkürlərini bildirirlər.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR