Deputat: “Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi müharibə cinayəti kimi tövsif edilməlidir”
  • DAĞLIQ QARABAĞ

  • 17:57 29 Aprel 2021

Deputat: “Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi müharibə cinayəti kimi tövsif edilməlidir”

“Ermənistan nəinki 44 günlük müharibənin gedişində, hətta münaqişə bitəndən sonra da beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmağa davam edir. Azərbaycan Respublikasına minalanmış ərazilərin xəritələrinin təqdim edilməməsi beynəlxalq humanitar hüquq normaları və prinsiplərinə ziddir. Nəzərə almaq lazımdır ki, ümumiyyətlə minaların və xüsusi olaraq piyadalar əleyhinə minaların qadağan edilməsi üzrə beynəlxalq səviyyədə həyata keçirilən kampaniya qlobal səviyyədə ən mühüm humanitar təşəbbüslərdən biri kimi yadda qalıb”.

Bunu APA-ya Məhkəmə-Hüquq Şurasının üzvü, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov deyib.

N. Səfərov bildirib ki, minaların genişmiqyaslı yayılmasının nəticəsi olan ciddi humanitar böhrana cavab olaraq 10 oktyabr 1980-ci ildə BMT çərçivəsində “Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçə bilməyən hesab edilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında” Konvensiya və onun 1, 2, 3 saylı protokolları daxil olmaqla qəbul edilib: “Bundan əlavə, 1997-ci il 18 sentyabr tarixində Kanadanın paytaxtı Ottava şəhərində “Piyadalar əleyhinə minaların tətbiqinin yayılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında” Konvensiya da qəbul edilib. Birinci konvensiya 2 dekabr 1983-cü ildə qüvvəyə minib və onun 125 iştirakçısı var. İkinci konvensiya isə 1 mart 1999-cu ildə hüquqi qüvvəyə minib, hazırda bu beynəlxalq sənədin iştirakçısı olan dövlətlərin 164-dür. Ermənistan bu konvensiyaları imzalamayıb və ratifikasiya etməyib. Lakin bu fakta baxmayaraq, hər iki konvensiyanın beynəlxalq hüquqa əsaslanmasını rəhbər tutaraq onların müddəaları mütləq formada riayət edilməlidir. Hər iki konvensiya, ümumiyyətlə, silahlı münaqişələr zamanı minaların istifadəsinin məhdudlaşdırılmasını nəzərə alaraq, bir neçə mühüm beynəlxalq humanitar hüquqdan irəli gələn prinsipə əsaslanır. Bunlardan birincisi fərqləndirmə prinsipidir. Nəzərə almaq lazımdır ki, Cenevrə Konvensiyalarının 1 saylı əlavə protokolunun müddəalarında qeyd edilir ki, mülki əhali ilə legitim hərbi hədəflərin arasında fərqləndirmə aparılmalıdır. Digər tərəfdən, 1 saylı protokolun 85-ci maddəsinin 3-cü hissəsinin “a” bəndində nəzərdə tutulur ki, mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsi qəti qadağandır, beynəlxalq humanitar hüququn pozuntusudur və müharibə cinayəti kimi qiymətləndirilir. Digər dəhşətli hal ondan ibarətdir ki, artıq beynəlxalq silahlı münaqişə mövcud deyil, ümumiyyətlə, Qarabağ münaqişəsi tarixə qovuşub, ancaq müharibənin bitməsinə baxmayaraq, hələ də Ermənistanın silahları, erməni minaları mülki əhalini və hərbçiləri qətlə yetirir”.

N. Səfərov qeyd edib ki, beynəlxalq humanitar hüquqdan irəli gələn növbəti prinsip mütənasiblik prinsipidir: “Bu prinsip Cenevrə Konvensiyalarının 1 saylı əlavə protokolunun 51-ci maddəsində əksini tapıb. Nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyan vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasib olmayan hücumlar qadağandır. İstər 1980-ci il tarixli, istərsə də 1997-ci ildə Ottava şəhərində qəbul olunmuş konvensiyaların hər ikisi bu prinsiplərə əsaslanır. Təcavüzkar Ermənistan tərəfindən minalanmış sahələrin xəritələrinin ölkəmizə təqdim edilməməsi beynəlxalq humanitar hüquqda təşəkkül tapmış mülki əhali ilə hərbi hədəflərin fərqləndirilməsi və mütənasiblik prinsiplərinin açıq-aşkar pozulması ilə müharibə cinayəti kimi tövsif edilməlidir”.

 

ONA

Teqlər: mina mina xəritəsi

OXŞAR XƏBƏRLƏR