• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:04 7 mart 2019

Dmitri Savelyev Zatulini Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməkdə qınayıb

Mən fəxr edirəm ki, Xocalı faciəsi ilə bağlı yürüşdə iştirak etmişəm. Bu sözləri ONA-ya açıqlamasında Rusiya Dövlət Dumasının üzvü, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin rusiyalı parlamentarilərin Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbirdə iştirakı ilə bağlı açıqlamasını şərh edərkən deyib.

O, qeyd edib ki, deputatlar Bakıya Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə həsr olunmuş tədbirdə iştirak üçün dəvət olunublar: “Növbəti gün Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı ümumxalq yürüşü keçirildi. Bu rəsmi dövlət tədbiridir və mən fəxr edirəm ki, bu faciəvi hadisə ilə bağlı ölkələrimiz arasında qardaşlıq əlaqələrinin genişlənməsi və möhkəmlənməsi üçün maksimum səy göstərən Azərbaycan prezidenti İlham Əliyevlə bir sırada addımlamışam. Biz Xocalı faciəsinin simvolu olan “Ana harayı” abidəsinin önünə gül qoyduq. Yürüş iştirakçıları üzərilərinə “Xocalını unutayın”, “Xocalıya ədalət” şüarları olan plakatlarla irəliləyirdilər. Bütün bu şüarları cənab Zatulin anti-erməni təbliğatı adlandırır?”.

Dmitri Savelyev deyib ki, o və həmkarları Xocalı faciəsinin dəhşətli cinayət hesab edir, çünki öldürülən hər bir uşaqla Azərbaycanın gələcəyinin bir hissəsi məhv edilib: “Xocalı hadisəsində soyqırımının bütün elementləri var. Bu barədə Dövlət Dumasında da bəyan etmişəm. Yalnız mən belə düşünmürəm. Misal olaraq, Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini İrina Rodninanın dediklərini xatırlatmaq istəyirəm. O bildirib ki, Xocalıdakı hadisələr tək Azərbaycan xalqının faciəsi kimi qalmamalı, həmçinin Rusiya və digər ölkələrin xalqları bunu qəbul etməlidir. Görürəm ki, dünya ölkələri bir-bir Xocalıda baş verən cinayətləri tanıyır və bunu qanuni hesab edirəm. Gec və ya tez ədalət bərqərar olmalıdır və əminəm ki, bu hadisədə günahkar olan şəxslər məhkəmə qarşısına çıxarılacaq. Cənab Zatulinə çox qəribə bir hadisə ilə bağlı əks sual vermək istərdim. Mən cənab Zatulinin bilavasitə iştirakı ilə “Lazarev klubu"nun Moskvada keçirilən ikinci iclasını nəzərdə tuturam. Bu görüşdə Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılmış separatist qurumun hansısa nümayəndələri də iştirak edib. Deyin, belə hallar nə dərəcədə Rusiyanın Dağlıq Qarabağdakı vasitəçilik missiyasına cavab verir? Bu ölkəmizin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı davamlı bəyanatlarına nə dərəcədə uyğun gəlir? Bu kimi addımlar Rusiya-Ermənistan əməkdaşlığı şüarı altında Rusiya ilə Azərbaycan arasında münasibətlərə xələl gətirmək cəhdi deyilmi?”

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Xocalı soyqırımı ilə bağlı Bakıda keçirilən yürüşə qatıldıqları üçün Dmitri Savelyevi və Dövlət Dümasının digər üzvlərini tənqid edib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR