Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun nə vaxt istifadəyə veriləcəyi açıqlanıb - [color=red]VİDEO[/color] - [color=red]FOTO[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 18:51 06 May 2021

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun nə vaxt istifadəyə veriləcəyi açıqlanıb - VİDEO - FOTO

“Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun təməli bu il yanvarında 14-də Prezident İlham Əliyevin Füzuli rayonuna səfəri çərçivəsində qoyulub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli əraziyə ezam olunmuş jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu avtomobil yolu birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur: “Ümumi uzunluğu 86 km təşkil edir. Yolun ilk 48 kilometrlik hissəsi 6 hərəkət zolaqlı, 48-86 km-lik hissəsinin isə 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Bu yolun uzunluğu “Zəfər” yoluna nisbətən daha qısadır. Yolun “Zəfər” yoluna nisbətən qısa olması ona görədir ki, bu yol üzərində körpülərin, viadukların və tunellərin inşası nəzərdə tutulur. Yol 4 hissə üzrə inşa edilir. İlk 14 km-lik hissədə torpaq yatağının inşası aparılaraq yekunlaşdırılıb, digər hissələrdə bu istiqamətdə işlər həyata keçirilir.

İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 6 km olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.

Bundan başqa, Füzuli-Şuşa avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə 27-ci km-də yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə aparılır.

Başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2024-cü il ərzində tamamlanması nəzərdə tutulur”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR