• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    18:29 15 aprel 2019

Nazir: "Danışıqlarda irəliləyişin olmasına imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik"

"Ümumiyyətlə çox geniş və substantiv danışıqlar keçdi".

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada Azərbaycan mediasına müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Moskvada Qarabağ münaqişəsi ilə bağlı görüşün yekunlarını şərh edən Azərbaycan XİN başçısı bunları deyib: "İlk növbədə Sergey Lavrov, mən və Zohran Mnatasakanyan üçtərərfli görüş keçirdik. Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişin olmasına imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olduğunu deyə bilmərəm. Ancaq ümumiyyətlə, deyə bilərəm ki, Ermənistan tərəfi və mən bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. 2016-cı ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında biz müzakirə apardıq. Əlbəttə bir görüşlə biz bütün məsələləri həll edə bilmərik. Bu günki görüşün faydası ondadır ki, biz dərindən başa düşdük ki, hansı problemlər var və hansı problemlər aradan qaldırılmalıdır. Məsələn, statusla və təhlükəsizliklə bağlı Ermənistan tərəfi məsələ qaldırır. Biz isə ilk növbədə işğal altındakı torpaqlardan Ermənistan qoşunlarının çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırırıq. Bu dörd fikir əsasında çox dərin bir müzakirələr apardıq. Belə bir razılığa gəldik ki, bunu davam etdirək. Çünki mən öz tərəfimdən cənab prezidentə məlumat verməliyəm. Erməni həmkarım isə öz baş nazirinə məlumat verməlidir. Görüşdə bəzi təkliflər səsləndirilib. İndidən bu təklifləri açıqlamaq istəmirəm. Bu təkliflər həm Rusiya, həm digər həmsədrlər, həm də Azərbaycan və Ermənistan tərəfinin təklifləridir. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik”.

E. Məmmədyarov görüşün yekununda qəbul edilmiş bəyanatda qeyd olunan KİV nümayəndələrinin səfərlərinin təşkili məsələsinə də toxunub: "Erməni və azərbaycanlı jurnalistlərin Dağlıq Qarabağa səfər etməsi maraqlı fikirdir. Belə bir razılığa gəldik ki, cəbhə bölgəsində kənd təsərrüfatı ilə məşğul olan əhalinin təhlükəsizliyi təmin olunsun. İnanmaq istəyirəm ki, Ermənistan tərəfi buna hörmətlə yanaşacaq. Sakinlərin öz torpaqlarında işləməsinə imkan yaradacaqlar".

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR