Ermənistanın ədliyyə naziri Azərbaycan vətəndaşı ilə bağlı fikirlərinə görə ölümlə hədələnir
  • DAĞLIQ QARABAĞ

  • 15:47 27 Mart 2019

Ermənistanın ədliyyə naziri Azərbaycan vətəndaşı ilə bağlı fikirlərinə görə ölümlə hədələnir

Ermənistanın ədliyyə naziri Artak Zeynalyan azaraq Ermənistan ərazisinə keçmiş Azərbaycan vətəndaşı ilə bağlı səsləndirdiyi fikrə görə ölümlə təhdid olunur.

ONA-nın xəbərinə görə, bu barədə məlumatı “Armenpress” yayıb.

Artak Zeynalyan bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etdiyini təsdiqləyib. O bildirib ki, azaraq Ermənistan ərazisinə keçmiş Azərbaycan vətəndaşının ölkəsinə qaytarıla biləcəyi ilə bağlı açıqlamasından sonra bu barədə sosial şəbəkələrdə paylaşılan xəbərlərin altından yazılan şərhdə açıq ölüm təhdidi alıb.

Media naziri ölümlə hədələyən şəxsin 35 yaşlı Tavuş vilayət sakini olduğunu yazıb. 

Qeyd edək ki, A.Zeynalyan brifinq zamanı bildirib ki, əgər Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimovun Ermənistan sərhədini keçməsində cinayət elementi yoxdursa və o öz xoşu ilə qayıtmaq istəyirsə, Ermənistan onu Azərbaycana təhvil verməlidir.  

Xatırladaq ki, Azərbaycanın Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu martın 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının apardığı ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır. Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.

Rəna Ağayeva

Teqlər: Ermənistan Artak Zeynalyan təhdid

OXŞAR XƏBƏRLƏR