Ermənilər Zəngilanda qədim çinar meşələrini məhv edib  - [color=red]“ZƏFƏRİN İZİ İLƏ”[/color] - [color=red]VİDEO[/color] - [color=red]FOTOSESSİYA[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 13:21 24 Yanvar 2021

Ermənilər Zəngilanda qədim çinar meşələrini məhv edib - “ZƏFƏRİN İZİ İLƏ” - VİDEO - FOTOSESSİYA

APA televiziyası olaraq yolumuz “Zəfərin izi” ilə yenidən Zəngilan rayonunadır.

APA TV olaraq bu, Zəngilana ikinci səfərimiz olsa da, hər dəfə bu yerləri ziyarət edəndə insan nələrisə yenidən kəşf edir.

Yolboyu Füzuli və Cəbrayıl rayonları ərazisində ermənilər tərəfindən dağıdılmış evləri, viran qalmış kəndləri gördükcə, insan müharibənin yaratdığı dəhşəti, ağrı-acını, 30 il əvvəlki qanlı-qadalı günləri sanki iliklərində hiss edir.

Buna baxmayaraq, canımıza hopmuş Vətən həsrəti, yurd yanğısı işğaldan azad olunmuş torpaqlarımızın havasını nəfəsə çəkdikcə, insana sözlərlə ifadə edə bilinməyəcək bir rahatlıq verir.

Bir neçə saatlıq yolçuluqdan sonra Cəbrayıl rayonunun sonuncu kəndini geridə qoyub Şərq çinarının vətəninə - Zəngilan rayonuna çatırıq.

Hazırda Zəngilan rayonu ərazisindəyik. Bu rayon 1993-cü ilin 29 oktyabrında erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Düz 27 il düşmən tapdağında qalan Zəngilan şəhəri və rayonun yaşayış məntəqələri 2020-ci ilin 20 oktyabrında müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Bələdçimiz deyir ki, bir neçə dəqiqədən sonra Zəngilan şəhərinə çatacağıq. Burada da Cəbrayıl və Füzulidə gördüyümüz mənzərənin eynisi ilə qarşılaşdıq. Hər tərəfdə dağılmış evlər, viran qalmış yurd yuvalar...

Rayonun girişindən təxminən 40 dəqiqəlik yol gəldikdən sonra artıq Zəngilan şəhərinə daxil oluruq. Strateji baxımdan əlverişli ərazi hesab olunan Zəngilan şəhəri keçmişdə qədim İpək Yolunun üzərində yerləşirdi. Şərqdən qərbə, cənubdan şimala doğru hərəkət edən ticarət karvanları o dövrlərdə məhz bu ərazilərdən irəliləyirdi.

Zəngilan şəhərinin lX-X əsr mənbələrində adı Şəhri-Şərifan və ya Şəhri-Xəlifan ilə hallanan qədim Azərbaycan şəhərinin xarabalıqları üzərində salındığı iddia olunur. Zəngəzur mahalının giriş qapısı hesab olunan Zəngilan şəhəri orta əsrlərdə Cənubi Qafqazdan keçən əsas ticarət yolunun üzərində yerləşdiyindən, mühüm iqtisadi-siyasi əhəmiyyətə malik yaşayış məntəqəsi hesab olunurdu.

 

Zəngilan toponiminin mənası fərqli formalarda izah olunur. Bir sıra tədqiqatçılar hesab edir ki, Zəngilan etnotoponim olub öz mənşəyini vaxtilə bu ərazilərdə yaşamış Zəngi adlı türk tayfasının adından götürüb. Dgər bir qisim isə bu sözün mənasını “ilanlarla zəngin olan ərazi” kimi göstərir".

Kiçik Qafqaz sıra dağlarının ətəyində sanki bir cənnəti xatırladan Zəngilan rayonunun Bəsitçay hövzəsində işğaldan öncə böyük bir ərazidə təbii çinar meşələri mövcud idi. Amma 27 il ərzində mənfur düşmənin az qala "dövlət siyasəti" səviyyəsinə qaldırdığı ekoloji terror doğma Zəngilanımızı bu gözəllikdən məhrum edib. Ermənilər Zəngilanda yerləşən və vaxtilə dünyada şöhrət qazanmış bütün təbiət qoruqlarımızı məhv ediblər. Eynən tarixi abidələrimiz və dağıdılmış yurd-yuvalarımız kimi...

Hazırda ermənilər tərəfindən dağıdılmış evlərdən birindəyik. Rayon ərazisində bunun kimi yüzlərlə, minlərlə yaşayış binaları, evlər var ki, onların hər biri erməni vəhşiliyinin qurbanı olub. Bu ürək dağladan mənzərə göstərir ki, 30 ilə yaxın zaman ərzində ermənilərin yalnız bir məqsədi olub – o da işğal.

Bu əzəmətli dağlar 27 il ərzində kimin haqlı, kimin haqsız olduğuna şahidlik edib. İndi onları dindirsən, hərəsi ürəyini boşaltmaq üçün bir dastan danışar. Bu dağlar həm də qələbəmizin əsas memarının - Azərbaycan əsgərinin şücaətini, döyüş əzmini və mübarizə ruhunu görüb.

Məhz qəhrəman oğullarımız sayəsində Zəngilan rayonu, bütövlükdə Qarabağ torpağı erməni işğalından azad oldu. Azadlığın mübarək olsun, Vətən!

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV,

Zəngilan

 

OXŞAR XƏBƏRLƏR