Ermənistanın vurduğu zərərin məbləğini müəyyənləşdirmək üçün müvafiq komissiyalar yaradılır
  • DAĞLIQ QARABAĞ

  • 19:20 31 Oktyabr 2020

Ermənistanın vurduğu zərərin məbləğini müəyyənləşdirmək üçün müvafiq komissiyalar yaradılır

Baş Prokurorluqda Ermənistan silahlı qüvvələrinin təcavüzlərinə qarşı üç kateqoriyada cinayət işləri başlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Hərbi İnformasiya Mərkəzinin brifinqində Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

O qeyd edib ki, birinci kateqoriyada başladılan cinayət işləri Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən şəhər və rayonlarına vurulmuş ziyanla bağlıdır: “İkinci kateqoriyada başladılan cinayət işləri işğal altında olan ərazilərdə qanunsuz iqtisadi fəaliyyətin aparılması ilə əlaqədardır. Üçüncü kateqoriya isə işğaldan azad olunmuş və işğal altında qalan ərazilərdə tarixi abidələrin məhvi və ekologiya cinayəti ilə bağlıdır. Hazırda hər cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən mümkün olan tədbirlər aparılır, hadisə yerlərinə baxış keçirilir. Dəymiş zərərin müəyyən edilməsi üçün müvafiq ekspertizalar, həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilir. Zərərin məbləğinin müəyyənləşdirilməsi üçün müvafiq komissiyalar yaradılır. Ermənistanın işğalçılıq və təcavüzkar aktları barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün bütün mümkün tədbirlər görülür. Təqsirkar şəxslərin həm milli, həm beynəlxalq qanunvericiliyin tələblərinə əsasən məsuliyyətə cəlb olunması və sanksiyaların tətbiq edilməsi məqsədilə bütün tədbirlər görülməkdədir. Bunun üçün beynəlxalq təşkilatlara müraciət edilməsi təmin olunacaq”.

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR