• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:01 27 fevral 2019

İllinoys ştatında Xocalı qətliamı ilə bağlı anım tədbiri keçirib

İllinoysun Azərbaycanlı Amerikan İcması təşkilatı Şimal-Şərqi İllinoys Universitetində Xocalı qətliamının 27-ci ildönümü münasibətilə anım tədbiri keçirib. Azərbaycanın ABŞ-dakı səfirliyindən ONA-ya verilən məlumata görə, İllinoysun Azərbaycanlı Amerikan İcması təşkilatının rəhbəri Əhməd Obalı çıxış edərək Azərbaycanın ədalətli mövqeyinin ABŞ ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində səylərini daha da artıracağını bildirib.

Xocalı faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqə sükutla yad edildikdən sonra, Azərbaycanın ABŞ-dakı Səfirliyinin birinci katibi Ayxan Hacızadə çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən böyük qətliam kimi xarakterizə olunan Xocalı faciəsinin Ermənistanın Dağlıq-Qarabağ və digər işğal olunmuş ərazilərdə genişmiqyaslı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu bildirib. O, Xocalı qətliamı nəticəsində qadın, uşaq və yaşlılar da daxil olmaqla yüzlərlə insanın amansızcasına qətlinin məsuliyyətinin Ermənistan, onun keçmiş siyasi və hərbi rəhbərliyi üzərində olduğu, onların amansızlıqlarının yalnız Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən deyil, beynəlxalq mətbuat orqanlarının nəşrlərində və təşkilatların hesabatlarında sübuta yetirildiyini qeyd edib.

Daha sonra çıxış edən, Türkiyə Respublikasının Çikaqodakı baş konsulu Umut Acar ABŞ-da azərbaycanlı icmasının gücləndirilməsi və Azərbaycanın haqq səsinin ABŞ-ın ictimai-siyasi dairələrinə çatdırılması istiqamətində bu kimi tədbirlərin əhəmiyyətli olduğunu, erməni icmasının saxta təbliğatı ilə mübarizə üçün Türkiyədən olan icma ilə azərbaycanlı icma nümayəndələri arasında əməkdaşlığın daha da artmasının zəruri olduğunu bildirib.

“Orta Asiya Səmərəliliyi” tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski çıxışında beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarından, mətbuat orqanlarından, elmi dairələrin nəşrlərindən və xarici müəlliflərin kitablarından sitatlar gətirərək Xocalı qətliamı barədə həqiqətləri diqqətə çatdırıb. O, bu işlərin ortaya çıxarılmasında fəaliyyətin davam etdirilməsinin zəruri olduğunu, “Xocalıya Ədalət” kampaniyası üzrə aparılan işlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Xocalı faciəsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz valideynlərini və yaxınlarını itirmiş uşaqların həyatına həsr olunmuş “Müharibə Uşaqları” sənədli filmi tədbirdə nümayiş olunub.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR