Kürdəmirdə Qarabağ şəhidinin adına bulağın açılışı olub
  • DAĞLIQ QARABAĞ

  • 21:00 08 Aprel 2019

Kürdəmirdə Qarabağ şəhidinin adına bulağın açılışı olub

Kürdəmirdə şəhid Elvin Saleh oğlu Rəhimovun adına bulağın açılışı olub.

ONA-nın yerli bürosunun xəbərinə görə, tədbir şəhidin böyüyüb boya-başa çatdığı rayonun Karrar kəndində reallaşıb.

Tədbirdə rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları şəhidin dəfn olunduğu kənd qəbiristanlığında onun qəbrini ziyarət ediblər.

Tədbirdə dövlət himni səslənib və torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra bulağın lenti kəsilərək açılışı olub. Çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan söhbət açaraq, onun qəhrəmanlıqlarından danışıblar.

Şəhid Elvin Rəhimov 1975-ci ildə Kürdəmirin Karrar kəndində kolxozçu ailəsində anadan olub. 1993-cü ildə Kürdəmir rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Elvin Sumqayıtda təlim keçdikdən sonra cəbhənin Ağdam bölgəsinə yollanıb.

Natiqlər E.Rəhimovun cəsur əsgər olduğundan, vətənin keşiyində daim məğrur dayandığından danışıblar. Sonuncu dəfə 1994-cü ilin yanvar ayının 14-də Elvin Ağdamın Gülniçə kəndinə əsgərlərə ərzaq apararkən onun idarə etdiyi yük maşını düşmənin basdırdığı minaya düşüb və cəsur əsgər həmin partlayışda qəhrəmancasına həlak olub.

Cəsur əsgərimizin xatirəsi daim xalqımızın qəlbində yaşayacaq və xalqımız heç bir vaxt öz igid qəhrəmanlarını unutmayacaq.

Allah rəhmət eləsin.

Sərxan Kamallı

Teqlər: Kürdəmir şəhid bulaq abidə

OXŞAR XƏBƏRLƏR