Londonda Xocalı və 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib
  • DAĞLIQ QARABAĞ

  • 18:31 29 Mart 2019

Londonda Xocalı və 31 mart soyqırımına həsr olunmuş tədbir keçirilib

Londonda Xocalı faciəsinə və 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş “Maskalanmış Soyqırımı” (Masked Genocide) adlı konfrans keçirilib.

ONA-nın London bürosunun verdiyi xəbərə görə, London Şəhər Universiteti Azərbaycan Cəmiyyətinin tələbə sədri Sabir Məmmədovun təşkil etdiyi tədbirdə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındaki səfiri Tahir Tağızadə, Azərbaycan Evinin rəhbəri Ali Tekin Atalar, Londonda yaşayan Azərbaycan diasporunun üzvləri, xarici qonaqlar iştirak ediblər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxışında azərbaycanlılara qarşı törədilən qırğınlardan danışıb. “İki soyqırımı arasında təxminən 75 illik fərq var. Biz öz tariximizi, keçmişdə yaşananları öyrənməli, gələcəkdə belə halların təkrarlanmasının qarşısını almalıyıq”,- deyə Tahir Tağızadə deyib.

Azərbaycan Evinin rəhbəri Ali Tekin Atalar Xocalını daha yaxşı anlamaq üçün ermənilərin regionda məskunlaşmasına diqqət çəkib: “1813 və 1828-ci ildə Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra ermənilərin sürətli və kütləvi şəkildə Azərbaycan ərazisinə köçürülməsi siyasətinə başlandı. Onlar azlıq təşkil etsələr də, tez bir şəkildə öz bölücülük siyasətinə başladılar”,- deyə A. Atalar bildirib.

Londonda hüquq təhsili alan Sabir Məmmədov hər iki soyqırıma dair faktların olmasına baxmayaraq, bunların Ermənistan hökuməti tərəfindən ört-basdır edildiyini vurğulayaraq, bu səbəbdən tədbirin “Maskalanmış soyqırımı” adlandırıldığını bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert, antropoloq alim Tamara Draqadze Xocalı soyqırımı ilə bağlı xatirələrini bölüşüb və ermənilər tərəfindən törədilən soyqırımlarının beynəlxalq arenada tanıdılmasının əhəmiyyətinə toxunub.

Tədbirin sonunda Xocalı ilə bağlı sənədli video-çarx nümayiş etdirilib.

Aytən Abbaslı

Məlahət Nəcəfova

Teqlər: soyqırımı London Xocalı

OXŞAR XƏBƏRLƏR