Moskvanın Azərbaycan İcması: Erməni diasporunun təxribat cəhdi ilə bağlı dövlət strukturlarına müraciət olunub
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 14:54 23 Aprel 2019

Moskvanın Azərbaycan İcması: Erməni diasporunun təxribat cəhdi ilə bağlı dövlət strukturlarına müraciət olunub

Erməni diasporunun Azərbaycana qarşı təxribat hazırlığı ilə bağlı müvafiq dövlət strukturlarına müraciət olunub. Bunu ONA-nın Rusiya bürosuna açıqlamasında “Moskvanın Azərbaycan İcması” Təşkilatının rəhbəri Şamil Tağıyev bildirib. Onun sözlərinə görə, məlum məsələ ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinə və Millətlərlə İş üzrə Federal Agentliyə müraciət olunub: "Bundan başqa Rusiya Dövlət Dumasının Millətlərarası Münasibətlər Komitəsinin sədrinin adına məktublar göndərilib".

Şamil Tağıyev ermənilərin təxribatı ilə bağlı Moskvadakı bir sıra Azərbaycan diaspor təşkilatlarına da müraciət ünvanladıqlarını söyləyib: "Dünən həmçinin Rusiyadakı Gürcüstan diasporunun məsul şəxsləri ilə əlaqə yaratdım. Onları da bu təxribata cavab verməyə çağırdıq. Hələlik, gürcü diasporundan bir məlumat yoxdur. Moskvanın güc strukturları erməni diaspor təşkilatlarının üzvləri ilə təxribatla bağlı profilaktik danışıqlar aparıblar. Ümid edirik ki, müvafiq strukturlar ermənilərin bu təxribatının qarşısını alacaqlar".

 

Qeyd edək ki, bu gün Moskvanın Erməni Gəncləri Assosiasiyası, Erməni Muzeyi və Rusiya Erməniləri Birliyinin birgə təşkilatçılığı ilə qondarma "erməni soyqırımı" ilə bağlı keçiriləcək aksiyanın reklam bukletində Azərbaycan əraziləri olan Qarabağ və Naxçıvan Ermənistan ərazisi kimi göstərilib. Bundan başqa Türkiyə Cümhuriyyətinin Trabzon, Diyarbakır, Erzurum, Bitlis, Van və digər şərq regionları və Gürcüstanın Cavaxetiya bölgəsi Qərbi Ermənistan adı altında göstərilib.

Aksiya təşkilatçıları tədbirin keçirilməsi üçün Moskva hökumətindən icazə aldıqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR