• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:39 28 oktyabr 2019

Qəbələdə yol tikintisi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrılıb

Prezident İlham Əliyev Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpünün tikintisi və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolunun bərpası üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən körpünün tikintisi və avtomobil yolunun bərpası işlərinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezident İlham Əliyev Qəbələ şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında da sərəncam imzalayıb.

Sərəncama əsasən, Qəbələ şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Məhbubə

Teqlər:

SON XƏBƏRLƏR