Şuşa və Hadrutda teleradio yayım stansiyasının bərpasına başlanılır
  • DAĞLIQ QARABAĞ

  • 14:35 28 Dekabr 2020

Şuşa və Hadrutda teleradio yayım stansiyasının bərpasına başlanılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad olunan ərazilərdə teleradio yayımını bərpa edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, qurumun mütəxəssisləri işğaldan azad olunmuş ərazilərdə radio və televiziya yayımı xidmətlərinin qısa müddətdə tam bərpa olunması məqsədi ilə Xocavənd rayonunun Hadrut qəsəbəsində və Şuşa şəhərində işlər aparırlar. 

Qeyd edək ki, Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən mövcud Radio-Televiziya Yayım Stansiyasının texniki binası və stansiyadakı avadanlıqlar ermənilər tərəfindən tam dağıdılıb, bəziləri isə demontaj olunaraq aparılıb, istismara yararsız vəziyyətə salınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əməkdaşlarının hazırladığı tədbirlər planına uyğun olaraq işğaldan azad olunan rayonlarda radio-televiziya yayımının qısa müddətdə bərpa olunması məqsədi ilə hazırlıq görülür. 

Belə ki, ilkin olaraq Şuşa və Xocavənd rayonunun Hadrut Radio-Televiziya Yayım Stansiyasının işinin bərpa edilməsi məqsədi ilə mövcud daxili imkan və ehtiyatlardan istifadə olunacaq. 

Texniki hazırlıq işləri başa çatdırılıb, Şuşa və Hadrut RTYS elektrik enerjisi ilə tam təmin olunduqdan sonra yayıma başlanacaq.  

Nəticədə Hadrut və Şuşa Radio-Televiziya Yayım Stansiyasından yayımlanacaq ölkənin bütün telekanalları və 1 xarici kanal, eləcə də radio proqramları  Xocavənd, Cəbrayıl, Füzuli, Zəngilan rayonları və Şuşa, Xankəndi, Qubadlı, Xocalı, Əsgəran, Ağdam rayonları, eləcə də ətraf yaşayış məntəqələrini əhatə edəcək.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR