Toyvo Klaar: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün prioritet olaraq qalır"
  • DAĞLIQ QARABAĞ

  • 16:45 19 Avqust 2019

Toyvo Klaar: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün prioritet olaraq qalır"

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün prioritet olaraq qalır". 

Bunu APA-ya eksklüziv açıqlamasında Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.

“Son 1 ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərlik etdiyi prosesdə ruhlandırıcı addımları müşahidə etdik, xüsusən də prosesi irəli aparmaqdan ötrü əhəmiyyətli olan yüksək səviyyəli görüşləri nəzərdə tuturam. Mən, həmçinin, bu ilin iyununda girovların ikitərəfli azad edilməsini alqışlayıram. Bu, ilkin humanitar addımdır. Belə addımlar sülh prosesində irəliləyişə nail olmaq üçün ehtiyac duyulan müsbət siyasi ab-havaya öz töhfəsini verə bilər”, - deyə T. Klaar bildirib.

Aİ Xüsusi nümayəndəsi vəziyyətin həssas və qeyri-davamlı olmasından təəssüfləndiyini qeyd edib: “Mən son zamanlar verilən itkilərlə bağlı narahatam və tərəfləri maksimum təmkin sərgiləməyə səsləyirəm. Tərəflər atəşkəsə ciddi şəkildə riayət etməli, paralel olaraq substantiv danışıqlar aparmalıdırlar”.

T. Klaar qeyd edib ki, aqressiv ritorika gərginliyi artıra və nəzarətdən çıxa biləcək hadisələrə təkan verə bilər. O, regionda silahlanmanın hələ də çox yüksək olduğunu diqqətə çatdırıb. 

Xüsusi nümayəndə bildirib ki, Aİ Azərbaycan və Ermənistan liderləri və Xarici İşlər nazirləri arasında əldə olunan sazişlərin həyata keçirilməsinə dəstək olmağa hazırdır: “İndi sülh prosesində irəliləmək üçün addım atmaq vaxtıdır. Ölkə liderləri də xalqları sülhə hazırlamağa başlamalıdırlar. Bu özündə çətin qərarları və güzəştləri ehtiva edəcək”. 

T. Klaar əlavə edib ki, Aİ ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəkləmə davam edəcək, həmçinin, münaqişənin həllinə yönəlmiş təşəbbüsləri dəstəkləyəcək: “Sülh razılaşması olacağı təqdirdə, Avropa İttifaqı gələcək səyləri dəstəkləməyə hazırdır”. 

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR