Vaşinqtonda Xocalı faciəsi qurbanları anılıb
  • DAĞLIQ QARABAĞ

  • 09:01 22 Fevral 2019

Vaşinqtonda Xocalı faciəsi qurbanları anılıb

Fevralın 21-də ABŞ-ın paytaxtı Vaşinqtonun məşhur Qadınların Milli Demokratiya Mərkəzində Xocalı faciəsinin 27-ci il dönümünə həsr olunmuş konsert keçirilib. Mərkəzin yerləşdiyi tarixi “Uittemor” binası 19-cu əsrin sonlarında ABŞ paytaxtının mərkəzində tikilib və 2000-ci ildən muzey olaraq fəaliyyət göstərir.

Azərbaycanın ABŞ-dakı səfirlyindən ONA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti, bir çox beynəlxalq müsabiqələrin laureatı, Nyu-York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı, pianoçu Nərgiz Əliyarova və Azərbaycanlı gənc istedad, hazırda ABŞ-ın Pensilvaniya ştatında doktorantura pilləsində təhsil alan, Almaniya, Böyük Britaniya, İtaliya, ABŞ və digər ölkələrdə keçirilən festivalların qalibi olmuş skripkaçı Azər Dəmirov çıxış ediblər.

Tədbirdə iştirak edən çoxsaylı qonaqlar sırasında Vaşinqtonda akkreditə olunan səfirlər və diplomatik korpusun digər nümayəndələri, yerli ictimaiyyət, mədəniyyət xadimləri, tələbələr, həmçinin Vaşinqton və onun ətrafında yaşayan soydaşlarımız olub.

Qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov 27 il öncə törədilən Xocalı qətliamının Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən faciəvi səhifəsi kimi xatırlamış və bu faciənin beynəlxalq humanitar təşkilatlar tərəfindən Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zəminində törədilmiş ən böyük qətliam kimi qiymətləndirildiyini qeyd edib. Səfir Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 20 faizinin işğal altında qalması və 1 milyondan çox insanın öz doğma torpaqlarından didərgin düşməsinə baxmayaraq, ölkəmizin bu gün durmadan inkişaf etdiyini və öz yurdundan didərgin düşmüş, o cümlədən Xocalı faicəsindən qurtulmuş əhalisinə hər cür şərait yaratdığını xüsusi vurğulayıb. Bu gün işğal olunmuş ərazilərimizdən didərgin düşmüş həmvətənlərimizin müstəqil Azərbaycanın uğurlu vətəndaşları olduğunu qeyd edib. Bunun Azərbaycan dövlətinin gücünün, ölkə rəhbərliyinin strateji düşüncəsinin və Azərbaycan xalqının müdrikliyinin və əzmkarlığının nəticəsi olduğunu bildirib.

Səfir musiqinin Qarabağın ən əsas simvollarından biri olmasından bəhs edib və tədbirdə ifa olunacaq bir sıra parçaların müəllifi olan Qara Qarayev və Arif Məlikovun məhz Qarabağ musiqisindən bəhrələndiyini diqqətə çatdırıb.

Elin Süleymanov Azərbaycan xalqının həmişə olduğu kimi, bu gün də sülhə hazır olduğunu və gələcəyə inamla baxdığını qeyd edib. O, Ermənistan rəhbərliyinin öz xalqının gələcəyini düşünməli olduğunu, əhalisinin rifahı üçün sülh yolunu seçməsinin vacibliyini vurğulayıb. Səfir heç bir şübhəsiz gec-tez öz torpaqlarından didərgin düşmüş əhalinin doğma yerlərinə qayıdacağını və Azərbaycan musiqisinin hazırda işğal altında olan torpaqlarımızda səslənəcətinə əminliyini ifadə edib.

E. Süleymanov Azərbaycan dövləti və xalqının tarix boyu qonşu dövlətlərlə dinc-yanaşı yaşadığını önə çəkərək gələcəkdə də Dağlıq Qarabağ bölgəsində hər iki icmanın sülh şəraitində birgə yaşayacağına ümidvar olduğunu bildirib. Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin daim sülhün tərəfdarı olduğunu və qarşı tərəfdən də eyni yanaşmanın gözlənildiyini vurğulayıb.

Daha sonra konsert proqramı çərçivəsində tanınmış dünya və Azərbaycan bəstəkarlarının musiqi parçaları, o cümlədən “Monoloq” (Arif Məlikov), “Siciliana” (Giovanni Battista Perqolesi), “Yeddi gözəl” baletinin “Ən gözəl gözəl” parçası (Qara Qarayev), “Nocturne C” (Frederik Şopin), “Qəmhin vals” (Aqşin Əlizadə), “Eleci” (Sergey Raxmaninov), “Vətən balladası” (Faiq Sücəddinov) əsərləri səsləndirilib.

Daha sonra qonaqların xahişi ilə gənc skripka ifaçısı Azər Dəmirov dahi Üzeyir Hacıbəylinin Arazbarı bəstəsini ifa edib.

Tədbirin sonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan verilib.

Rəna Ağayeva

Teqlər:

OXŞAR XƏBƏRLƏR