• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:22 3 may 2019

XİN: Separatçı rejimin "nümayəndəsi" Argentinanın işğalçı rejimi tanınmadığının şəxsən şahidi olub

"Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi”nin Argentinaya səfəri ilə bağlı erməni KİV-də yayılmış məlumatlar qanunsuz rejimin təşviqinə hesablanıb və özünü aldatmadan başqa bir şey deyil".

Bunu ONA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva erməni KİV-də qondarma separatçı rejimin “xarici işlər naziri"nin Argentinada görüşlər keçirməsi ilə bağlı məlumatı şərh edərkən deyib.

L. Abdullayeva qeyd edib ki, Argentinanın erməni icmasının Buenos Ayres Universitetinin Hüquq fakültəsində təşkil etdiyi uydurma “erməni soyqırımı”na həsr edilmiş tədbirlərdə iştirak edən separatçı rejim nümayəndəsi Argentinada hər hansı ölkə rəsmisi ilə görüşə nail olmayıb: "Bundan əlavə, Argentinanın “Erməni İnstitutları” adlı təşkilatı Argentina Xarici İşlər və Etiqad Nazirliyinin 24 aprel 2019-cu il tarixində dövlət qurumlarına ünvanladığı notanı dərc edərək öz dərin narahatlığını ifadə edib. Belə ki, Argentina Xarici İşlər və Etiqad Nazirliyi sözügedən notasında Argentinanın BMT Nizamnaməsinin 2-ci maddəsində əks olunmuş, digər Dövlətin daxili işinə qarışmama və Dövlətin ərazi bütövlüyünə hörmət prinsipinin suveren dövlətlər arasında münasibətlərin, həmçinin beynəlxalq sülh və təhlükəsizliyin fundamental sütunu hesab etdiyini və bu səbəbdən, Argentina Respublikasının öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası” və ya “Artsax”ı beynəlxalq hüquq çərçivəsində müstəqil və suveren dövlət kimi tanımadığını vurğulayır. Bununla əlaqədar, Dağlıq Qarabağın “xarici işlər naziri”nin qəbul etməmək və onunla rəsmi görüşlər keçirməmək tövsiyə olunur.

Göründüyü kimi, separatçı rejimin "nümayəndəsi" qanunsuz işğalçı rejimin beynəlxalq ictimaiyyət, o cümlədən Argentina tərəfindən tanınmadığının bu ölkəyə səfər edərək şəxsən şahidi olub.

Eyni zamanda bildirmək istərdim ki, həmin tarixlərdə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo ilk dəfə olaraq ölkəmizdə rəsmi səfərdə olmuş və keçirdiyi bütün görüşlərdə Argentinanın yuxarıda qeyd olunan mövqedən cıxış etdiyini və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bəyan etmişdir", - deyə XİN sözçüsü vurğulayıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR

SON XƏBƏRLƏR