• DÜNYA

    22:44 27 iyul 2019

Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində 5 nəfər ölüb - FOTO - YENİLƏNİB-1

Gürcüstanın Tuşeti rayonunda baş vermiş yol qəzası nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, qəza zamanı yük maşınında 13 nəfərin olduğu bildirilir. Qeyd olunur ki, kəndli bayramına gedən yük maşını idarəetmənin itirilməsi nəticəsində təxminən 400 metr dərinliyi olan dərəyə yuvarlanıb.

Onlardan 5-i qəza baş verən vaxt avtomobili vaxtında tərk edə biliblər. Yaralanan 3 nəfər helikopterlə Telavi xəstəxanasına çatdırılıb.

***

Saat 16:25

Gürcüstanın Tuşeti rayonunda baş verən avtomobil qəzası nəticəsində itkin düşənlərin axtarışına sərhəd polisinin helikopteri də cəlb edilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölgəyə əlavə 2 xilasetmə briqadası da cəlb edilib. Bundan başqa, Tbilisidən də xilasedicilərin və təcili tibbi yardım dəstələrinin qəza baş verən əraziyə göndərildiyi qeyd olunub.

Qeyd edək ki, Gürcüstan Fövqəladə Hallar İdarəetmə Xidmətin daha əvvəl yaydığı məlumatda qəzanın "KamAZ" markalı yük avtomobilinin dərəyə aşması nəticəsində baş verdiyi bildirilib. Gürcüstan Daxili İşlər Nazirliyi isə hadisənin Tuşeti royununun Peşaveli-Abano-Omalo istiqamətində hərəkət edən mikroavtobus sürücüsünün idarəetməni itirməsi və dərəyə yuvarlanması nəticəsində baş verdiyini bildirib.

***

Saat 15:18

Gürcüstanın Tuşeti rayonunun Kvemo-Alvano kəndində kuzovunda kəndliləri daşıyan "KamAZ" markalı yük maşını dərəyə aşıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəetmə Xidmətindən məlumat verilib. Bildirilib ki, Tuşeti yolunun 23-cü kilometrliyində yük avtomobilinin dərəyə aşması ilə bağlı qurumun qaynar xidmətinə məlumat daxil olub. Bundan sonra əraziyə xilasedicilər cəlb edilib.

İkin məlumata əsasən qəza zamanı "KamAZ" markalı yük maşınının kuzovunda 12 nəfər olub. Onlardan 7-si itkin düşdüyü bildirilib.

Qəza zamanı həlak olanlarla bağlı məlumat verilməyib.

Səid

Teqlər:

SON XƏBƏRLƏR