İran prezidenti Yaxın Şərqdəki son hadisələrə görə ABŞ-ı günahlandırıb
  • DÜNYA

  • 08:29 13 Yanvar 2020

İran prezidenti Yaxın Şərqdəki son hadisələrə görə ABŞ-ı günahlandırıb

 

 

 

İran Prezidenti Həsən Ruhani İsveçin Baş naziri Stefan Leuvenlə telefon danışığı zamanı ABŞ-ın Yaxın Şərqdəki son hadisələrdə günahkar olduğunu bildirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ruhaninin rəsmi saytında yazılıb.

“ABŞ bölgədəki son hadisələrə görə məsuliyyət daşıyır və biz hamımızın bu ölkənin cinayətlərini qınamalıyıq”, deyə Ruhani bildirib. 

O, İranın İraqdakı ABŞ hərbi bazasına hücumun BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirildiyini və cinayət olmadığını deyib.

Ruhani əlavə edib ki, Yaxın Şərq problemlərini yalnız region ölkələri hər bir dövlətin suverenliyi çərçivəsində siyasi dialoq yolu ilə həll etməlidirlər.

İran prezidenti gələcəkdə faciəli hadisələrin qarşısını almaq üçün bölgədə təhlükəsizlik və əmin-amanlığı bərpa etməyin vacibliyini vurğulayıb: “Hamımız birləşib bölgəyə təhlükəsizliyi qaytarmalı və bölgədə sülhün hökm sürməsinə zəmin yaratmalıyıq. Dünyanın hər yerində belə dəhşətli hadisələrin qarşısını almalıyıq”.

İsveçin Baş naziri öz növbəsində Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində çox sayda iranlının ölümü ilə əlaqədar Ruhaniyə başsağlığı verib. O, təyyarənin vurulmasında İranın etiraf etməsini yüksək qiymətləndirib. Leuven istintaqın şəffaf aparılmasında İsveçin kömək etməyə hazır olduğunu bildirib.

 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR