İraq "S-400" sistemləri almaq üçün Rusiya ilə məsləhətləşmələr aparır
  • DÜNYA

  • 05:57 12 Yanvar 2020

İraq "S-400" sistemləri almaq üçün Rusiya ilə məsləhətləşmələr aparır

İraq hakimiyyəti Rusiya Federasiyasından “S-400” zenit-raket sistemləri almaq imkanını nəzərdən keçirir və Rusiya tərəfi ilə məsləhətləşmələr aparır.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” iraqlı millət vəkillərinə istinadən məlumat yayıb.

Materialda İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Kərim Ələvinin sözlərindən sitat gətirilib: “Rusiya ilə “S-400” raket sistemlərini müzakirə edirik, amma hələ heç bir müqavilə imzalamamışıq. Bu raketləri almalıyıq, xüsusən də amerikalıların lazımi silahları almağa kömək etmədikləri, bizi dəfələrlə məyus etdikləri üçün”.

Parlament üzvünün sözlərinə görə, üç ay əvvəl İraq nümayəndəsi bu məsələ ilə bağlı məsləhətləşmələr aparmaq üçün Rusiyaya səfər edib. Sonra bu ölkənin Baş Naziri Adel Abdul Mehdi 30 noyabr 2019-cu ildə İraqdakı siyasi böhran səbəbindən istefa verdiyi üçün müzakirə təxirə salınıb. Hazırda o, baş nazir vəzifəsini icra edir. Millət vəkillərinin fikrincə, İraq hakimiyyəti Amerika qoşunlarının ölkədən çıxarılması ehtimalı ilə əlaqədar məsləhətləşmələri intensivləşdirməyə qərar verib.

Nəşr bildirir ki, rusiyalı bir rəsmi daha əvvəl İraqa bu kompleksləri almağı təklif edib: “Ancaq “S-400” sistemi alacağı təqdirdə Vaşinqton Bağdada qarşı sanksiyalar tətbiq edə bilər”.

Qəzet İraq Müdafiə Nazirliyinin nümayəndələrinin bu iddialara münasibət bildirmədiyini qeyd edir. Həmçinin Pentaqon, Ağ Ev və Dövlət Departamentinin nümayəndələri də İraqın “S-400” almaq ehtimalına dair suallara cavab verməyib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR