• DÜNYA

    21:10 9 sentyabr 2019

KİV: Trampın Əfqanıstanla bağlı görüşü ləğv etməsi Pompeo və Bolton arasındakı mübarizə ilə əlaqəlidir

ABŞ prezidenti Donald Trampın sentyabrın 8-də Kemp-Deviddə “Taliban” liderləri və Əfqanıstan prezidenti Əşrəf Qani ilə görüşü ləğv etmək qərarı son vaxtlar dövlət katibi Mayk Pompeo və “Taliban”la razılaşmaya qarşı çıxan Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton arasında yaranmış gərginliyi əks etdirir.

APA xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.

Qəzetin bildirdiyinə görə, belə olan halda Bolton bu mərhələdə qələbə qazanmış olur.

“Cümə axşamı günü “Taliban” tərəfindən törədilən hücum nəticəsində bir amerikalı əsgərin ölümünə cavab olaraq görüşün ləğv edilməsi Boltonun daha böyük qələbəsinin bir hissəsidir”, - deyə nəşr bir administrasiya nümayəndəsindən anonim olaraq sitat gətirib.

Danışıqların ləğv olunmasına baxmayaraq, Tramp hələ də Əfqanıstandan qoşunları çıxarmaq niyyətindədir.

“Bolton Əfqanıstandakı əsgərlərin 8600-dək azaldılmasının əleyhinə deyil, ancaq “Taliban”la bağlanmış hər hansı bir razılaşmanı rədd edir. O düşünür ki, qoşunların çıxarılması ilə bağlı seçkiqabağı vədin icrası razılaşma olmadan da yerinə yetirilə bilər”, - deyə nəşr yazır.

Qeyd edək ki, D.Tramp şənbə günü Kabildə törədilmiş terror hücumuna görə 8 sentyabrda Kemp-Deviddə “Taliban” liderləri və Əfqanıstan prezidenti Əşrəf Qani ilə planlaşdırılmış görüşləri ləğv etdiyini deyib. Bundan əlavə, o, respublikada sülhün nizamlanmasına dair danışıqlarda iştirak etməkdən də imtina edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR