• İDMAN

    01:29 12 oktyabr 2020

AFFA təxribatçı paylaşım edən monteneqrolu futbolçudan UEFA-ya şikayət edəcək

Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Monteneqro – Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkədə təxribatçı paylaşım edib.

Apasport.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bununla bağlı narazılığını ifadə edib.

O, assosiasiyanın saytına verdiyi açıqlamada oktyabrın 10-dakı görüşdən sonrakı paylaşımla bağlı UEFA-ya şifahi məlumat verildiyini söyləyib: “UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsada keçirilmiş Monteneqro - Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım etməsi barədə məlumatımız var. Bu, üçüncü tərəf olan Milli Assosiasiyanın nümayəndəsinin hər hansı şəkildə aidiyyəti olmadığı məsələyə müdaxiləsi kimi qeyri-etik olmaqla yanaşı, eyni zamanda, separatçı rejimin təbliğatına cəhd olduğu üçün yolverilməzdir və AFFA bunu sərt şəkildə qınayır. Biz araşdırdıq, həmin futbolçu Azərbaycan millisi ilə oyunda Monteneqro komandasının heyətində olmasa da, bu, bizim məsələyə münasibətimizi dəyişmir. Doğrudur, həmin görüşdə Monteneqro millisinin ehtiyat oyunçular siyahısında Draqoyeviç soyadlı futbolçu olub, lakin bu digər oyunçudur - Miloş Draqoyeviç. Oktyabrın 12-də məsələ ilə əlaqədar AFFA rəsmi qaydada UEFA-ya müraciət ünvanlayacaq. Artıq UEFA-ya şifahi məlumat verilib”.

Qeyd edək ki, qarşılaşma Monteneqronun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR