• SİYASƏT

    18:52 14 mart 2019

Bakı Forumu çərçivəsində “Bu, qloballaşmanın sonudurmu?” mövzusunda panel keçirilib

VII Qlobal Bakı Forumu çərçivəsində “Bu, qloballaşmanın sonudurmu?” mövzusunda panel keçirilib.

ONA-nın xəbərinə görə, panelin moderatoru Gürcüstan baş nazirinin sabiq müavini, keçmiş xarici işlər naziri Eka Tkeşelaşvili bildirib ki, 2017-ci ildə ABŞ-da prezident seçkilərinin nəticələri qloballaşmanın sona çatması kimi fikirlərin ortaya çıxmasına səbəb olub. O bu gün texnoloji müharibələrin baş verməsinə də diqqət çəkib.

Polşanın sabiq baş naziri Marek Belka deyib ki, inkişaf əsas dəyərlərin dəyişməsinə gətirib çıxara bilər: “Çin və Hindistan milyonlarla insanı işçi qüvvəsi kimi təqdim edirsə, bu, inkişaf etmiş ölkələr üçün də problemlərə gətirib çıxara bilər. Biz dayanıqlı inkişafa necə nail ola bilərik? Dövlətlərin qlobal kapitalda payı yalnız 5 faizdir. Bəs biz qlobal kapitalın dayanıqlı inkişafda rolunu necə artıra bilərik? Biz bu istiqamətdə düşünməliyik”.

Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev Sinqapurun açıq iqtisadiyyata malik olduğunu nəzərə çatdırıb: “Sinqapurun iqtisadiyyatı qloballaşıb. Qloballaşmanı dayandırmaq mümkün deyil. Məsələn, ABŞ prezidenti Donald Tramp proteksionist siyasət yürütdüyünü, qloballaşmaya qarşı çıxdığını bildirir. Amma ABŞ prezidenti “Google” və “Apple”ə qarşı çıxa bilməz. Çin iqtisadiyyatı qloballaşma nəticəsində güclü iqtisadiyyata çevrildi. Düşünürəm ki, siyasətçilər qloballaşmaya qarşı çıxdıqlarını bəzən publika üçün bəyan edirlər”.

Ekvatorun sabiq prezidenti Rosalia Arteaga Serrano bildirib ki, kimliyimizi qoruya bilsək, qloballaşma təhlükə deyil.

Rasizmə qarşı Şəhərlərin Avropa Koalisiyasının prezidenti Benedetto Zasshiroli qeyd edib ki, iqtisadiyyatın sürətli inkişafı sonda maliyyə böhranına da yol açıb: “Bu da gələcəyə münasibətdə bir qorxu yaradıb. İqtisadi böhrandan əvvəl işsizlik səviyyəsi 4 faiz idi, böhran dövründə bu göstərici 11 faizə yüksəldi. Hazırda bu göstərici 5-6 faizə enib. Çıxış yolu isə siyasi liderlikdədir. Qloballaşma yeni hüquqi müstəvilər meydana çıxarır. Texnologiya qarşımızda yeni imkanlar açdığı bir dövrdə daha güclü liderlik vacibdir. Yalnız qarşılıqlı etimad şəraitində problemləri həll etmək mümkündür. Körpüləri yandırmaqla yox, bərpa etməklə yolumuza davam edə bilərik”.

Livanın sabiq baş naziri Fuad Siniora quşların “viza almadan” bir ölkədən digər ölkəyə uçmasına diqqət çəkib: “Qloballşma insanları, xalqları bir-birinə yaxınlaşdırsa da, miqrasiya mədəni şoklar yaradır. Nəticədə biz ksenofobiyanı, rasizmi görürük. Bütün bunlar da miqrasiya problemini kəskinləşdirir. Dünya əhalisinin 6 faizini ərəblər təşkil edir. Dünyadakı qaçqınların isə 55 faizi ərəblərdir. Ona görə də qloballaşmadan danışanda məsələnin bu aspektinə də toxunmaq lazımdır. Biz varlı və kasıb ölkələrin olduğunu, bu ölkələr arasında fərqlərin artdığını görürük. Ölkələrdə varlılar və kasıblar arasında da fərq böyüyür. Qloballaşmanın uğurlu olması üçün bu fərqlərin aradan qaldırılmasına çalışmalıyıq. Qloballaşma ikitərəfli silahdır. Düzgün istifadə etsək, faydasını görəcəyik”.

Mavrikiyanın sabiq prezidenti Ameenah Gurib-Fakim əcdadlarının Afrikaya Hindistandan gəldiyini, Afrikaya gəlmiş dördüncü nəslin nümayəndəsi olduğunu xatırladıb: “Bu miqrasiya da qloballaşmanın bir nəticəsidir. Digər tərəfdən, bu gün məcburi miqrasiya nəticəsində insanların problemlərlə üzləşdiyinin şahidiyik. Biz qlobal həmrəyliyi inkişaf etdirməklə qlobal problemlərin həllinə çalışmalıyıq. Hansı yollarla Afrika və Asiyada yaşayan insanlara kömək edə bilərik, bunu müəyyənləşdirməliyik”.

Avropa İttifaqının Siyasət üzrə 14-cü Komissiyasının prezidenti, italiyalı senator Ettore Licheri yeni dövrdə yeni qərarların qəbul edilməli olduğunu vurğulayıb: “Qloballaşma bir qarışıqlıqdır, çünki insanlar yeni insanlar görmək, fikir mübadiləsi aparmaq istəyirlər. Qloballaşma iqtisadi prosesin nəticəsidir, nəticədə yaşayış və düşüncə tərzi dəyişir. Lakin hazırda dünyada, Avropada baş verən böhranı qloballaşmanın nəticəsi sayanlar da var. İnsanları qorxudan qloballaşma deyil, ölkələrin vətəndaşları daha çox öz kimliklərini, dövlətlərini itirə biləcəklərindən qorxurlar. Ona görə də özləri bu sahədə nə isə etməyə çalışırlar. Əslində, indiki böhranın səbəbi qloballaşma deyil, dünya bazarlarındakı problemlərlə bağlıdır. Qloballaşma informasiyanın daha çox yayılmasına gətirib çıxarır, amma ideyalar daha zəif yaranır. Ümumilikdə qloballaşma iqtisadi inkişafa əsaslanır. Amma bu inkişafdan daha az insan faydalanır. Bu gün elə bir dünyada yaşayırıq ki, gəlir əldə etmək insanın şəxsiyyətindən daha önəmlidir. Məncə, belə dünya özünü məhv etməyə doğru gedir. Lakin biz tarixin verdiyi imkanlardan istifadə edərək, azadlıq ideyalarının daha geniş yayılmasına nail ola bilərik. İnsanlara daha geniş azadlıq verilməli, iqtisadiyyat dövlətlərlə müqayisədə insanlar ətrafında cəmləşməlidir. İstehsalçılarla istehlakçılar arasında məsafə azaldılmalıdır. Biz daha çox islahatlar aparılan dövrə qədəm qoymalıyıq”.

Türkiyə parlamentinin sabiq sədri Cəmil Çiçək panelin mövzusunun pessimistliyindən şikayətlənib: “Qloballaşma məfhumu hər insana, ölkəyə, ölkələrin yerləşdiyi regionlara görə dəyişir. Məsələn, torpaqlarının 20 faizi işğal edilən azərbaycanlı qardaşlarımızın, fələstinlilərin, Myanmardakı müsəlmanların, inkişaf etmiş ölkələrin, G-20 ölkələrinin qloballaşmadan gözləntiləri fərqlidir. Mən bu məsələdə nə pessimist, nə də optimistəm, daha çox realist olmağa çalışıram. Qloballaşmanın başlanğıcında azadlıq, demokratiya, inkişaf kimi gözləntilər vardı. Ətraf mühitin qorunması, enerji mənbələrinin yenilənməsi kimi mövzuların aktuallaşması baxımından qloballaşmanın faydası olub. Lakin iqlim anlaşmasından geri çəkilən böyük dövlətlərə baxsaq, pessimistlik yaranır. Əvvəllər bir-iki ölkəni narahat edən məsələ bu gün bütün dünyanı narahat edir. Məsələn, terrorizm bütün ölkələri narahat edir. Hətta bəzi ölkələr terrorizmdən bir vasitə kimi istifadə edir. 100 il əvvəl belə hal yox idi. Digər tərəfdən, müxtəlif ölkələrdə böyük güclərin apardığı savaşlar səbəbindən köçlər, miqrasiyalar yaşanır. Problem hər dövrdə var. Qloballaşmanın ortaya çıxardığı problemləri həll edəcək beynəlxalq təşkilatlar mövcud deyil. Mövcud beynəlxalq təşkilatlar bu məsələləri həll edə bilmir”.

C. Çiçək terror təşkilatları vasitəsi ilə aparılan vəkalət savaşlarından Türkiyə, Livan kimi ölkələrin əziyyət çəkdiyini vurğulayıb: “Üstəlik, bu gün inkişaf etmiş ölkələrdən terror təşkilatlarına qatılanlar var. Problemləri əməkdaşlıq çərçivəsində və səmimi olaraq həll etmək lazımdır. Əks halda, bugünkü kimi qloballaşma prosesi hər kəsi narahat edən istiqamətdə inkişaf edəcək”.

Panel müzakirələrlə davam edib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR