• İDMAN

    23:31 17 iyul 2019

“Bakı-2019” AGOF-un nəqliyyat marşrutları müəyyənləşib

“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı Bakıda müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Festival zolağı”nın tətbiq ediləcəyi küçələrin siyahısı açıqlanıb.

APA xəbər verir ki, “Festival zolağı”nın kənarlarına sarı xətt çəkilib, asfalt üzərində isə təyin edilən yerlərdə “Bakı-2019” loqotipi vurulub. Bu tədbir idmançıların və festivalın rəsmi iştirakçılarının yarış meydançalarına maneəsiz çatmaları məqsədilə həyata keçirilib.

Sarı zolaqlar bu yollarda aktiv olacaq: Qara Qarayev prospekti, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, Atatürk prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Moskva prospekti, Rəşid İsmayılov küçəsi, Ziya Bünyadov prospekti.

İyul ayının 17-dən 28-də bu yollarda çəkilmiş xüsusi zolaqlara “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər.

Qeyd edək ki, “Bakı-2019” AGOF zamanı nəqliyyat ilə bağlı ən vacib məsələlərdən biri, Açılış və Bağlanış mərasimlərində, Azərbaycanda keçirilən digər əlamətdar idman tədbirlərdə olduğu kimi, bileti və ya akkreditasiyası olan hər bir şəxs üçün xüsusi avtobuslar təşkil olunacaq. Avtobuslar saat 17:00-dan 01:00-a qədər metronun "28 May" və "Elmlər Akademiyası" stansiyalarından "Crystal Hall"a və əks istiqamətdə fəaliyyət göstərəcək.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR