UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyası başa çatıb
  • MƏDƏNİYYƏT

  • 12:29 10 İyul 2019

UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyası başa çatıb

İyulun 10-da UNESCO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatıb.

ONA-nın məlumatına görə, sədr Əbülfəs Qarayev bağlanış sessiyasında çıxış edərək komitə üzvlərinə, qonaqlara təşəkkür edib: "Mən Azərbaycan prezidenti adından, Azərbaycanın birinci vitse-prezidenti adından sizə öz minnətdarlığını bildirirəm".

Əbülfəs Qarayev deyib ki, UNESCO-nun sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi əlamətdar haldır.

Nazir bildirib ki, belə tədbirlərin keçirilməsi üçün hər zaman ciddi mübarizə aparılır: "Azərbaycanın son illər beynəlxalq tədbirlərin keçirilməsində ciddi uğurları olmasaydı, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu cür tədbirlərə diqqət göstərməsəydi, sözsüz ki, bu tədbirin də Bakıda keçirilməsi mümkün olmazdı. UNESCO-nun sülhməramlı səfiri Mehriban xanım Əliyevanın da bu tədbirin Bakıda keçirilməsində nüfuzu danılmazdır. Ona görə də ötən il Bəhreyndəki sessiyada UNESCO-nun 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərar verildi".

Dünya İrs Mərkəzinin direktoru Mextild Rössler sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycana minnətdarlığını çatdırıb və Əbülfəs Qarayevə Dünya İrs Siyahısına daxil olan bütün abidələrin yer aldığı kitabı hədiyyə edib.

Qeyd edək ki, UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyasında daha bir neçə nominasiya Ümumdünya İrs Siyahısına salınıb. Bununla da UNESCO-nun Dünya İrs Siyahısında yer alan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb. Bunlardan 869-u mədəni, 213-ü təbii, 39-u qarışıq irs nümunəsidir.

Xatırladaq ki, UNESCO-nun 44-cü sessiyası gələn il Çinin Fuçjuo şəhərində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR