• SİYASƏT

    02:27 15 may 2019

Moskvada Leyla Əliyevanın adından iftar süfrəsi açılıb

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən iftar verilib.

ONA-nın Moskva müxbirinin verdiyi mlumata görə, iftar süfrəsi Moskva müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı və Rusiya müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə "Poklannaya qora"dakı Ramazan çadırında keçirilən "Azərbaycan axşamı" çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun salamlarını çatdırıb. Diplomat iftarın təşkilinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Ramazan çadırının qurulmasına görə Moskva hökuməti və Moskva Müsəlmanlarının Ruhani İdarəsinə təşəkkürünü bildirib.

"Əhli-Beyt" dini cəmiyyətinin sədri Nizami Baloğlanov isə çıxışında "Ramazan çadırı"nın Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı dostluğu möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihə olduğunu söyləyib: "Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, inanclı insanlar üçün iftar süfrəsi açır".

Ramazan çadırının təşkilatçıları "Ramazan çadırı 2019" tədbirinə təşkilati, yaradıcı və mənəvi dəstək verdiyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı təşəkkür məktubu ilə təltif ediblər.

İftara qədər Azərbaycandan olan din xadimi Müqəddəs Qurandan surələr oxuyub, dualar edib. Daha sonra Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.

Tədbirdə Azərbaycanda multikulturalizmdən bəhs edən film də nümayiş olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 14 ildir ki, Moskvada təşkil olunan "Ramazan çadırı" layihəsində iştirak edir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR