Prezident İlham Əliyev: Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq”
  • SİYASƏT

  • 22:59 08 Oktyabr 2019

Prezident İlham Əliyev: Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq”

 


“Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan vətəndaşların problemlərinin həllində çox böyük addımlar atır. Bildiyiniz kimi, yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və hazırda köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb. Eyni zamanda, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız var, – yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda, – onların da problemləri həll olunacaq”. 

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında  sakinlərlə söhbəti zamanı bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq: “Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk. Yəni, bu, əslində bir şəhərdir. İndi Qobu qəsəbəsində yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var”. 


Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğı və diqqətin səviyyəsini çox yüksək qiymətləndirdiklərini deyən Prezident İlham Əliyev bildirib ki, bir çox ölkələr üçün Azərbaycanda bu sahədə aparılan siyasət bir nümunə kimi göstərilir: “Eyni zamanda, bildiyiniz kimi, bu il məcburi köçkünlərə dövlət tərəfindən ayrılan müavinətin həcmi də 50 faiz artıbdır. Hər bir köçkünə bu məbləğ verilir, baxmayaraq ki, o, işlə təmin olunub, təmin olunmayıb. Bu da bizim sosial siyasətimizin nəticəsidir. Biz bundan sonra da ardıcıl olaraq bu siyasəti aparacağıq, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın yaşayış problemlərini həll edəcəyik”.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR