• SİYASƏT

    16:55 22 iyul 2019

Dövlət başçısı İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ONA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Çinə son səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşü zamanı münasibətlərimizin gələcək inkişafı ilə bağlı səmərəli danışıqların aparıldığını qeyd edib və bu səfər zamanı 10 mühüm sənədin imzalanmasının və Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olduğunu deyib. Prezident İlham Əliyev bu yaxınlarda Çinin Sian şəhərindən Azərbaycana yük qatarının gəlməsini əməkdaşlığımızın iqtisadi, nəqliyyat sahələrində yaxşı perspektivlərə malik olmasının göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı münasibətlərin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd edərək Çinin Xarici İşlər nazirinin bu il ölkəmizə səfərinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu deyib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Tao, ilk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırıb. Sun Tao qeyd edib ki, Çin Xalq Respublikası Sədrinin və Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir. Qonaq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti nəticəsində ölkəmizdə bütün sahələrdə ciddi uğurlar qazanılıb.

Sun Tao bu ilin aprelində Pekində keçirilən “Bir kəmər, bir yol” beynəlxalq forumunda Prezident İlham Əliyevin iştirakının önəmini qeyd edib. O, bu səfər zamanı Çin Xalq Respublikasının Sədri ilə Azərbaycan Prezidenti arasında əlaqələrimizin genişləndirilməsi ilə bağlı mühüm razılaşmaların əldə edilməsinin əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Çin Xalq Respublikasının Sədrinə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkənin hakim partiyaları arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və bu çərçivədə gənclərin, elm adamlarının və ictimai xadimlərin səfər mübadilələrinin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR