İtaliyaya tarixi səfər: Azərbaycan daha bir strateji tərəfdaş qazanmaqdadır  - [color=red]TƏHLİL[/color]
  • SİYASƏT

  • 14:24 21 Fevral 2020

İtaliyaya tarixi səfər: Azərbaycan daha bir strateji tərəfdaş qazanmaqdadır - TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də İtaliya Respublikasına baş tutan dövlət səfərini iki ölkə arasında münasibətlərin inkişafı baxımından tarixi hesab etmək olar.

Dövlət başçısı səfər zamanı İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan başqa, bu ölkənin Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko və digər şəxslərlə görüşlər keçirib.

Səfər zamanı iki ölkə arasında bir çox mühüm sənədlər mübadilə edilib. Bunlardan ən əsası “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”dir. Birgə Bəyannamə qarşıdakı uzun illər ərzində Azərbaycan və İtaliyanın sıx əməkdaşlığını müəyyən edən, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən vacib sənəd hesab olunur. Sənəd ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

 

Bəyannamədə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərilməsi haqqında müddəanın nəzərdə tutulması İtaliya və Azərbaycanın yaxın, dost, müttəfiq ölkələr olduğunu göstərir.

Sənəddə vacib olan digər məqam ölkələrin ərazi bütövlüyü məsələsinə münasibətdir. Birgə Bəyannamədə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığı və bunu dəstəklədiyi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həllinə dəstək ifadə olunub. Başqa sözlə, İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəklədiyi bu sənədlə bir daha təsdiqlənir.

Yeri gəlmişkən, Dağlıq Qarabağ mövzusu səfər boyu Azərbaycan Prezidenti tərəfindən daim gündəmdə saxlanılıb. Dövlət başçısı mətbuata bəyanatında qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İtaliya Prezidenti ilə müzakirə aparıb. “Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq.

O ki qaldı məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Birgə Bəyannamədə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşmasının əksini tapmasını Bakının növbəti diplomatik uğuru adlandırmaq olar.

Dövlət başçısı Dağlıq Qarabağ mövzusuna Romada onun şərəfinə verilən dövlət ziyafətində nitqində də toxunub. İki ölkə arasında imzalanmış Birgə Bəyannamədə Azərbaycan və İtaliyanın bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyini bir daha təsdiqlədiyini xatırladan Prezident Əliyev sənəddə, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunduğunu deyib: “Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Uzun illərdir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Görüşlərdə, eləcə də imzalanan sənədlərdə İtaliya ilə Azərbaycanın bir-biri ilə dost ölkələr və regionda əsas tərəfdaşlar olduğu əksini tapır. Birgə Bəyannamədə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərilməsi haqqında müddəanın nəzərdə tutulması İtaliya və Azərbaycanın yaxın, dost, müttəfiq ölkələr olduğunu bir daha göstərir.        

Prezident İlham Əliyev də mətbuata bəyanatında bildirib ki, Birgə Bəyannamə strateji tərəfdaşlığın gücləndirilməsində önəmli rol oynayacaq: ”Çünki bu bəyannamədə, əslində, bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. Eyni zamanda, İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var. Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir.

İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaq. Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak etmişlər. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir. Ona görə biz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”.  

Prezident İlham Əliyev mətbuata bəyanatında onu da qeyd edib ki, İtaliya Prezidenti ilə danışıqlarda mədəniyyət sahəsində əməkdaşlığa da toxunulub: “Biz bu sahədə  əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Villa Borgeze parkında ucaldılıb. Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır”.

Enerji təhlükəsizlik məsələlərinə toxunan Prezident Əliyev vurğulayıb ki, Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. “İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisəsi olmamışdır. Yəni, Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. O ki qaldı təbii qazın ixracına, bu layihə də yekunlaşmaq üzrədir. TAP layihəsinin icrası 92 faizə çatıbdır və TAP layihəsi Cənub Qaz Dəhlizinin dördüncü və sonuncu layihəsidir. Bundan əvvəl üç layihə icra edilmişdir. Cənub Qaz  Dəhlizinin bir tərəfində Azərbaycan və o biri tərəfində İtaliya dayanır. Bizim aramızdakı daha beş ölkə, bütövlükdə yeddi ölkə arasında əməkdaşlıq yaranır. Bu əməkdaşlıq enerji və bütün başqa sahələrə də müsbət təsir göstərəcək. Çünki bu ölkələr artıq bir-biri ilə sıx bağlı olan ölkələr olurlar. Bundan sonra bu ölkələr arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı da təbii ki, daha sürətlə gedəcək.  Cənub Qaz Dəhlizi tarixi layihədir və mən xüsusilə Prezident Mattarellaya onun göstərdiyi səylərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki 2018-ci ilin iyul ayında Azərbaycanda rəsmi səfərdə olarkən Prezidentlə bizim bu barədə söhbətimiz olub. Bu söhbətdən sonra TAP-ın icra edilməsi daha sürətlə getmişdir və hazırda biz layihənin son mərhələsindəyik”, -  deyə Prezident Əliyev qeyd edib.

Ekspertlər İtaliya və Azərbaycan arasında imzalanmış Birgə Bəyannamənin Avropa İttifaqı ilə Azərbaycan arasında saziş üçün gözəl əsas təşkil edə biləyini düşünürlər.

Prezident Əliyev də Romada bəyan edib ki, İtaliya Prezidenti ilə müzakirələrdə Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi aparılıb: “Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Hesab edirəm ki, bu gün imzalanacaq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə bu saziş üçün də gözəl əsas təşkil edə bilər”.

Öz növbəsində, İtaliya Prezidenti Mattarella da mətbuata bəyanatında ölkəsinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrə hər zaman dəstək olmağa hazır olduğunu söyləyib. “Biz Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə stimul olmaq üçün bu sahədə də çox geniş formada əməkdaşlıq etməyə hazırıq. İtaliya Azərbaycanı, həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Əfqanıstanda terrorizmə qarşı mübarizədə və gördüyünüz kimi, hər bir sahədə bizim ölkələrimiz arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Azərbaycan hər zaman bu əməkdaşlıqda İtaliyanın dostluğuna və dəstəyinə əmin ola bilər”, - deyə İtaliya dövlət başçısı qeyd edib.

Ümumiyyətlə, İtaliya liderinin bəyanatlarında Azərbaycanın ünvanına səsləndirdiyi fikirlər Romanın da Azərbaycanla əməkdaşlıqda, münasibətləri daha da yaxınlaşdırmaqda maraqlı olduğunu göstərir. Təsadüfi deyil ki, cənab Mattarella mətbuata bəyanatında bildirib ki, Birgə Bəyannamə əlaqələrimizin demək olar ki, bütün sahələrdə inkişafına təkan verəcək. “İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır. Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir. Burada mən, həmçinin, Qoşulmama Hərəkatına Azərbaycanın üçillik sədrliyini qeyd etmək istəyirəm. Azərbaycan bu öhdəliyi öz üzərinə götürmüşdür və bu, onun beynəlxalq sahədəki işini daha da gücləndirəcək”, - deyə o vurğulayıb.

İki ölkənin iqtisadi-ticari sahədə çox intensiv əlaqələrə malik olduğunu bildirən Mattarella diqqətə çatdırıb ki, iki ölkə arasında əməkdaşlıq çox böyük inkişafla irəli gedir: “İtaliya müəssisələri Azərbaycana cəlb olunur, bir çoxu işləyir, bundan sonra digərləri də bu sahəyə cəlb olunacaq. Bundan başqa, cənab Prezident və bütün hökumət ölkənin iqtisadi-siyasi həyatının şaxələndirilməsi ilə bağlı bir çox planlar reallaşdırır. Biz bu işə dəstək olmaq üçün hər zaman hazırıq. Bugünkü görüşlər zamanı bir neçə sahə üzrə imzalanmış sazişlər bizim iqtisadi, siyasi sahələrdə inkişaf edən əməkdaşlığımızın bariz göstəricisidir. Bundan əlavə, Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək istərdim. Artıq TAP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacaq”.

Səfər boyu aparılan müşahidələrdən də aydın olur ki, İtaliya Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar sahədə ən yüksək səviyyədə əlaqələrə malik olduğu ölkələrdəndir. İtaliya Azərbaycan üçün dünya miqyasında əsas tərəfdaşlardan hesab olunur. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollara çatması faktı da iki ölkə münasibətlərindəki inkişafın xəbərçisidir. Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 20-dən çox sənədin imzalanması da diqqətdən qaça bilməz.

Azərbaycanın enerji sektoru və Azərbaycanın sərhədlərindən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri dəyəri 10 milyard ABŞ dollarına yaxın olan müqavilələr imzalayıblar. Qeyri-enerji sektorunda bu rəqəm 700 milyon dollardır, bu isə artıq strateji əməkdaşlıqdan xəbər verir.

Səfər zamanı Azərbaycan Prezidentinin keçirdiyi bir görüş isə diqqətdən kənarda qala bilməz. Dövlət başçısının İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə görüşü Azərbaycanın İtaliya, eləcə də İtaliyanın Azərbaycanla iqtisadi sahədə əməkdaşlığa necə önəm verməsinin göstəricisidir. Bu görüş ölkəmizə yeni investisiya axınının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan İtaliyanın bir sıra aparıcı şirkətləri ilə uzun illərdir sıx əməkdaşlıq edir, bəzi şirkətlər ölkəmizlə işləməyi planlaşdırır. Digər tərəfdən, Azərbaycan İtaliya üçün etibarlı və bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. Cənub Qaz Dəhlizi (CQD) layihəsi, artıq 92 faiz icra olunub, yekunlaşmaq mərhələsinə çatan, CQD-nin dördüncü fazası olan TAP layihəsi Avropanın və İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir.

Ümumilikdə, Prezident  İlham Əliyevin İtaliya səfəri Azərbaycan - Avropa əlaqələrinin inkişafına mühüm tövbə verəcəyi birmənalıdır. Yekun olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan önəmli Avropa ölkəsi olan İtaliyanın timsalında da özünə strateji tərəfdaş qazanmaqdadır.

APA Analytics

 

 

OXŞAR XƏBƏRLƏR