Millət vəkili: “Koronavirusla bağlı görülən tədbirlər öz nəticəsini verəcək” - [color=red] MÜSAHİBƏ[/color]
  • SİYASƏT

  • 13:40 26 Mart 2020

Millət vəkili: “Koronavirusla bağlı görülən tədbirlər öz nəticəsini verəcək” - MÜSAHİBƏ

Millət vəkili Ceyhun Məmmədovun APA-ya müsahibəsi.

- Ceyhun Məmmədov necə bir ailədə, mühitdə böyüyüb? Məcburi köçkünlük həyatınızda hansı izlər buraxıb?

- Cəbrayıl rayonunun Şükürbəyli kəndində dünyaya gəlmişəm. Sonra atamın işi ilə əlaqədar rayon mərkəzinə köçdük. Həm rayonda, həm də kənddə evimiz var idi. Atam uzun müddət Cəbrayıl Rayon Partiya Komitəsində şöbə müdiri, ikinci katib, Cəbrayıl rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifələrində çalışıb, anam isə ibtidai sinif müəllimidir.

 

Bizim rayon 1993-cü ildə işğal olunub. Amma mən 1991-ci ildə hələ rayon işğal olunmamış və sovet hakimiyyəti dağılmamış Suriyaya təhsil almağa göndərilmişdim. Orada 2 il qaldıqdan sonra növbəti tətildə Vətənə dönməyim avqust ayının əvvəllərinə təsadüf edirdi. O dövrdə artıq bizim rayonda çox ciddi döyüşlər gedirdi. Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistan silahlı bölmələri tərəfindən işğal olundu. Mən yay tətilindən qayıtdıqdan sonra rayonun işğal olunması xəbərlərini aldım, çox sarsıldım.

Həqiqətən anadan olduğu yurdu itirmək, ora gedə bilməmək, həsrətdə qalmaq çox ağırdır. Bizim seçicilərlə görüşlərdə də dəfələrlə demişəm ki, mən bütün yuxularımda öz rayonumuzu görürəm. Mənim üçün o dövr çox ağır dövrdür. Gün ərzində bir neçə dəfə xəyalən rayonumuza gedərək, doğulduğum, boya-başa çatdığım küçələrdə gəzirəm. Cəbrayıl həm aran, həm dağlıq, həm də dağətəyi ərazilərdə yerləşir, bir çox tarixi abidələrlə də zəngin idi. İnsan daim istəyir ki, yenidən o yerlərə qayıtsın. Ancaq təəssüf ki, hələki gedə bilmirik. Məndə inam, əminlik var ki, biz yaxın vaxtlarda o torpaqlara yenidən qayıdacağıq.

Cocuq Mərcanlı işğaldan azad olunduqdan sonra bir neçə dəfə oraya getdim. Azərbaycan İlahiyyat İnstitutuna rəhbərlik etdiyim dövrdə tələbələrimizi də bir neçə dəfə Cocuq Mərcanlıya apardıq. Hər il 9 noyabrda biz Cocuq Mərcanlıya gedirdik. Cocuq Mərcanlıdan bizim kəndimizə olan məsafə cəmi 13 kilometrdir. Bilirsiniz bu hissləri yaşamaq çox ağrılıdır, mən Cocuq Mərcanlıdan öz kəndimə gedə bilmirəm. Cocuq Mərcanlı Cəbrayılın yeganə kəndidir ki, işğaldan azad olunub.

 - Təhsil almaq üçün Suriyaya getdiyinizi bildirdiniz. Sizcə, bir zaman təhsil aldığınız Suriya və Liviyanın bu gün üzləşdiyi acınacaqlı durumun səbəbləri nədir?

- Müsəlman ölkələrində cərəyan edən hadisələrə baxdıqda burada xarici amillərin təsirini açıq şəkildə görürük. Bu gün “5-ci kolon” axtarışı, kimlərdənsə istifadə edərək ölkədə dini durumu qarışdırmaq və sabitliyi pozmaq istəyi bir çox müsəlman ölkələrində aktualdır. Zəngin tarixə, mədəniyyətə malik Suriyanın da, İraqın da, Liviyanın da iqtisadiyyatı inkişaf etmişdi, zəngin ölkələr idi. Amma bu ölkələrdə sabitliyin pozulmasında din amilindən istifadə edilərək, əhali dövlət əleyhinə qaldırıldı. Bu proses “Azadlıq!”, eyni zamanda hakimiyyətə qarşı şüarlarla başlanıldı, amma sonrakı proseslərdə əsas aparıcı qüvvələr dini qruplar oldu. Burada bir dini qrupdan deyil, bir neçə dini qrupdan istifadə edildi. Hətta bu qrupların arasında da zaman-zaman müxtəlif münaqişələrin yaranmasının şahidi olduq. Mən 1991-1998-ci illərdə Suriyada olmuşam, bölgəni çox yaxşı tanıyıram. Bu ölkənin iqtisadiyyatı, sənayesi kifayət qədər möhkəm və sabit idi. Amma qeyd etdiyim kimi müxtəlif xarici qüvvələr hakimiyyətdə dəyişiklik etmək üçün məharətlə din amilindən istifadə etdilər. Bu gün də təəssüf ki, Suriyada bu acı mənzərənin şahidi oluruq. Həmin ərazidə bu gün müəyyən radikal qüvvələrin toplaşdığının, onların arasında olan münaqişələri müşahidə edirik.

Bir məqamı qeyd edim ki, bu gün Azərbaycan bir sıra müsəlman ölkələrinə baxdıqda qarışıq və mürəkkəb dünyada sabitlik və əmin-amanlıq adası təsiri bağışlayır. Ölkəmizdə hər bir vətəndaş öz məsuliyyətini dərk etməli və bu nemətin qiymətini bilməlidir. Kimlərinsə bizim vətəndaşlardan dövlət əleyhinə istifadəsinə imkan verməməlidir. Bu gün xaricik ölkələrin müxtəlif ölkələrdə öz maraqları və məqsədləri var. Biz bunları bilməli və buna qarşı öz qabaqlayıcı tədbirlərimizi görməliyik. Hazırda dövlət bu istiqamətdə lazım olan bütün addımları atır və atacaqdır.

- Bu amildən ölkəmizə qarşı istifadə edilməməsi üçün daha hansı tədbirlərin görülməsinə ehtiyac var?

- Bu məsələ kifayət qədər mürəkkəbdir. Biz bu proseslərin başlanğıcında “Azadlıq!”, “demokratiya” kimi şüarları görürdük, əsas məqsəd isə hakimiyyətə qarşı əhalini qaldırmaq idi. Amma bu qüvvələrin apardıqları siyasət fəlakətlə nəticələndi. Radikal qüvvələrin islam dövləti qurmaq və yaratmaq istiqamətində müəyyən təşəbbüsləri oldu. Bu baxımdan birinci, bizim özümüzün milli mənəvi dəyərlərimizi təbliğ etməli, ənənəvi dəyərləri qorumalı, gənclər arasında ənənəvi dəyərlərin təbliğini daha da gücləndirməliyik. Bu gün bunu dövlət həyata keçirir. İkincisi, qabaqlayıcı tədbirlərin görülməsidir ki, bunu da dövlət həyata keçirir.

Azərbaycandan Suriyaya və digər ölkələrə zaman-zaman döyüşməyə gedən insanlar olub. Ona görə də ən əsas gücü tarixən mövcud olan dini, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağa verməliyik. Qəti şəkildə gələcəkdə hansısa qüvvələrə siyasi proseslərdə din amilindən bəhrələnməyə və istifadə etməyə imkan verməməliyik.

- İlahiyyat İnstitutu bu baxımdan Azərbaycan üçün nə dərəcədə vacibdir?

- Ümumiyyətlə, İlahiyyat İnstitutunun yaradılması Azərbaycanın son 200 illik din tarixində qəbul edilmiş ən önəmli qərarlardan biridir. Sovet dönəmində bütün dini müəssisələrdə təhsil dayandırılmışdı, amma müstəqillikdən sonra dövlət özü belə bir təhsil müəssisəsini yaratdı. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Universiteti vardı, amma bu, idarənin nəzdində idi. Azərbaycan İlahiyyat İnstitutu isə dövlətin özünün təhsil müəssisəsi oldu.

Ümumilikdə, Azərbaycandan 3000-ə yaxın şəxs xaricə dini təhsil almağa gedib. Bunlardan bir hissəsi qayıdıb, vətəninə və dövlətinə bağlı olaraq hazırda müxtəlif strukturlarda çalışırlar. Ancaq bununla yanaşı, xarici ölkələrdə təhsil alarkən zərərli təsirlərə məruz qalan az sayda vətəndaşlarımız da var. Bu baxımdan da öz milli kadrlarımızı yetişdirmək üçün Azərbaycan İlahiyyat İnstitutunun yaradılması xüsusi önəm daşıyır. Sərəncamda da xüsusi olaraq qeyd edilmişdi ki, institutun yaradılmasında birinci məqsəd tarixən Azərbaycanda mövcud olan yüksək dini-mənəvi mühitin qorunması, ikinci isə dini təhsilin təşkili sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsidir. Bu sahədə kadrların yetişdirilməsi baxımından bu müəssisənin xüsusi rolu var. İnstitutu bitirən insanlar həm dövlət müəssisələrində, həm də müxtəlif dini qurumlarda işləyə biləcəklər.

- Bu instituta rəhbərlik etdiyiniz 1 il 8 ay dövrü necə xarakterizə edərdiniz?

- İlahiyyat İnstitutu Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin bazası əsasında yaradıldı. Hər bir müəssisəni yaratmaq ilk gündən çox çətindir. İnstitut 9 fevralda yaradıldı, mayın 31-də rektor təyin olundum. Sentyabr ayında biz artıq tədrisə başlamalı idik. Çox insanlar düşünürdü ki, biz bu dövrdə tədrisə başlaya bilməyəcəyik. Ancaq bunu bacardıq. Bayram günləri, bazar, istirahət bilmədən gecə-gündüz bütün komanda şəklində çalışırdıq.

İlahiyyat İnstitutuna rəhbərlik etdiyim dövrdə müəyyən xarici ölkələrdə səfərdə olanda institutun belə qısa müddət ərzində fəaliyyətə başlamasını təəccüblə qarşılayır, hətta bəzən buna inanmaq istəmirdilər. Biz ölkə başçısının diqqət və qayğısı ilə qısa bir dövrdə bu prosesləri həyata keçirə bildik. Yəni kadr formalaşdı, standartlar təsdiq olundu və institut fəaliyyətə başladı. Əlbəttə, sıfırdan bir müəssisəni yaratmaq olduqca çətindir. Burada kadrların seçilib işə qəbul edilməsi, maddi texniki bazanın yaradılması, bəzi sənədləşmə işləri var idi ki, biz onları maksimum tez bir zamanda həll etməyə çalışdıq. Qısa müddətdə institut normal fəaliyyət göstərdi və bizim bəzi xarici ölkələrlə əlaqələrimiz formalaşdı. Xarici təcrübəni öyrənmək üçün mən bir çox xarici səfərlərdə oldum.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və Prezident Administrasiyasında məsul vəzifələrdə də çalışmısınız. Bu sahədə geniş təcrübəsi olan biri kimi Azərbaycanda dini durumu necə dəyərləndirirsiniz?

- Hazırda Azərbaycanda dini durum sabitdir. Bu gün ümumi mənzərəyə baxdıqda görürük ki, bunun müəyyən səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, bu gün Azərbaycanda dövlətin din sahəsinə çox böyük qayğısı var. Dövlətin din sahəsinə olan qayğısı, dəstəyi, yardımı Azərbaycanda dini durumun sabit və istiqrarlı olmasına çox böyük təsir göstərir. Bu gün müxtəlif ölkələrin təcrübəsinə baxdıqda görürük ki, bəziləri dinlə mübarizə aparır. Ümumiyyətlə, bəzi ölkələrdə dinlə bağlı müəyyən məhdudiyyətlər, qadağalar tətbiq olunur. Azərbaycanda isə bu, tamam fərqlidir, dövlət özü dinə dəstək göstərir. Hər il büdcədən müəyyən dini icmalara (həm islam, həm qeyri-islam) vəsait ayrılır. Burada birinci dövlətin dəstəyi, yardımı, ikinci isə aidiyyəti dövlət strukturlarının bu sahəyə nəzarəti özünü açıq şəkildə göstərir və sabitliyi, istiqrarı təmin edir.

Burada bəzən zaman-zaman xaricdən təsirləri müşahidə edirik. Müəyyən qruplar, ölkələr Azərbaycanda dini duruma təsir göstərməyə çalışırlar. Öncəki illərlə müqayisədə Azərbaycanda bu sahədə xeyli irəliləyiş var. Birinci, insanların sərbəst etiqad azadlığı var. Bu gün dini ibadətini yerinə yetirmək istəyən insanlara heç bir məhdudiyyət yoxdur. Sadəcə, bu gün bu ibadətləri yerinə yetirmək, etiqad azadlığı adı altında müəyyən addımlar atıldıqda dövlət bunun qarşısını alır. Hazırda dini durum sabitdir. İnstitutun yaradılması və digər amillər bu durumun sabitləşməsinə öz ciddi töhfəsini verəcək.

- Yuxarıda bu sahədə sabitliyə təhdid yaratmaq istəyən müəyyən qruplar və dövlətlərdən danışdıq. Xaricdən ölkəmizdə mövcud olan dini sabitliyə təsir edə biləcək konkret hansı amillər mövcuddur?

- Dünyada olan müsəlman ölkələrinin üzləşdiyi problemlərə baxsaq, sabitliyin pozulmasında əsasən iki amildən məharətlə istifadə edilir: dini və milli amil. Dinlə bağlı zaman-zaman müxtəlif addımların atılmasını müşahidə edirik. Məsələn, Yaxın Şərq ölkələrində din adı altında müəyyən proseslər gedir. Xaricdə olan müəyyən dini təriqətlər, dini qruplar çalışır ki, Azərbaycanda da özlərinə müəyyən tərəfdar toplaya bilsinlər. Bunun üçün zaman-zaman müəyyən üsullara, metodlara əl atmağa cəhd göstərirlər. Bir sıra müsəlman ölkələrində bunun üçün müxtəlif amillərdən istifadə olunduğunun şahidi olmuşuq. Bəzən məzhəb amilindən, bəzən müəyyən radikal fikirlərin yayılmasından istifadə olunur. Burada sosial şəbəkələrdən və digər müxtəlif vasitələrdən istifadə edilməsinə çalışırlar. Ancaq bu gün Azərbaycanda dövlət səviyyəsində qabaqlayıcı tədbirlər həyata keçirilir. Yəni bu gün dövlət özü elə siyasət həyata keçirir ki, bu siyasətlə insanlara kifayət qədər azadlıq, sərbəstlik verilib.

Eyni zamanda dövlət tərəfindən bu təhdidlərin qarşısı alınır və imkan verilmir ki, Azərbaycanda dini zəmində hansısa problemlər yaşansın. Prezident İlham Əliyev də bunu bir çox çıxışlarında xüsusi vurğulayıb ki, biz öz milli-mənəvi dəyərlərimizi qorumalı, zərərli təsirlərə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq.

- Dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunan, din kimi həssas bir sahədə mütəxəssislər hazırlayan yeni yaradılmış bir institutun rektoru olduğunuz halda parlament seçkilərində iştiraka qərar verməyiniz nə ilə bağlı oldu?

- Mənim namizədliyim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülüb. Bunu ölkə rəhbərliyi və partiya rəhbərliyi tərəfindən mənə göstərilən böyük bir etimad kimi qiymətləndirirəm. Seçkilərdə YAP-ın namizədi kimi iştirak etmək və qələbə çalmaq qürurvericidir.

İlahiyyat İnstitutu artıq fəaliyyətə başlayıb, sistem qurulub. Biz 2 il müddətində institutun normal fəaliyyət göstərməsi üçün lazımi bütün addımları atdıq. Bu baxımdan artıq institutun strukturu formalaşıb.

Ona görə partiya rəhbərliyinin etimadını nəzərə alaraq, belə qərara gəldim. Hesab edirəm ki, bu dövrdə bu qərar qəbul edilməli və yerinə yetirilməli idi.

- Aktiv seçkiqabağı təşviqat kampaniyası apardınız. Bu dövr ərzində gözlənilməz situasiyalarla üzləşdinizmi?

- 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsini əhatə edən insanlar respublikanın 54 rayonunda məskunlaşıblar. Seçki ərəfəsində təxminən 10 min kilometrə yaxın məsafəni qət etdik, müxtəlif rayonlarda olduq. Elə bir bölgə olmadı ki, biz ora getməyək. Hətta elə yerlər var idi ki, orada 50 nəfərə yaxın əhali məskunlaşmışdı. Amma biz onların da görüşlərinə getdik.

Ümumilikdə götürəndə çox maraqlı görüşlər keçirdik. Bu marafon ərəfəsində mən müxtəlif bölgələrdə məskunlaşmaları səbəbindən illərdir görmədiyim müəllimlərimi, sinif yoldaşlarımı gördüm. Rayonda olan qonşularımız, kəndlilərimizlə rastlaşdım, onları uzun müddətdir görmürdüm. Bu məndə müəyyən nostalji hisslər yaratdı və biz yenidən o günlərə qayıtdıq. 

- Deputat kimi qarşınıza qoyduğunuz əsas hədəf, ən azı ilkin mərhələdə nədən ibarətdir?

- Seçki prosesinə qoşulanda platformamızda müəyyən məsələləri xüsusi vurğulamışdıq. Milli Məclisin iclasında ölkə başçısının çıxışında da bir neçə məsələlərə xüsusi diqqət yetirildi. Bu gün Azərbaycanın bir neçə taleyüklü məsələsi var. Onlardan biri Qarabağın işğaldan azad edilməsi, Qarabağ həqiqətlərinin təbliğ edilməsidir.

Bu gün ermənilər bütün dünyada Azərbaycan əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Bu baxımdan da bizim də fəaliyyətimizdə həqiqətlərin təbliği, erməni vəhşiliyinin ifşa edilməsi əsas məqamlardan birini tutacaq.

Eyni zamanda rayonla bağlı biz müəyyən layihələrin həyata keçirilməsini düşünürük. Bu gün Azərbaycanda bir çox sahələrdə ciddi islahatlar keçirilir, addımlar atılır. Eyni zamanda dövlət səviyyəsində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması üçün silsilə tədbirlər görülür. Həmçinin milli mənəvi dəyərlərimizin qorunması, təhsil sahəsində gənclərə dəstək verilməsi, gənclərlə sıx işləmək, insanların işlə bağlı çətinliklərinin aidiyyəti strukturlar qarşısında qaldırılması əsas hədəflərimizdir. Milli Məclisdə üzvü olduğum Elm və təhsil komitəsi və İctimai birliklər və dini qurumlar komitəsində öz fəaliyyətimi davam etdirəcəyəm. Hər iki komitədə ölkəmizin inkişaf və tərəqqisinə xidmət edəcək müəyyən təkliflərlə çıxış etməyi planlaşdırıram.

- Məcburi köçkün rayonları təmsil edən deputatlarla məcburi köçkünlərin problemlərini parlamentdə qaldırmaq üçün bir araya gəlməyi, birgə təşəbbüslərlə çıxış etməyi düşünürsünüzmü?

- Bu gün Azərbaycanda dövlət səviyyəsində qaçqın və məcburi köçkünlərə çox böyük diqqət göstərilir. Çoxlu sayda ev tikilib, bir neçə şəhərcik salınıb, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox addımlar atılıb. Qeyd etmək istəyirəm ki, əvvəlki çağırışda da Dağlıq Qarabağdan olan millət vəkilləri zaman-zaman yaranan problemlər və çətinliklərlə bağlı öz fikirlərini bildiriblər.

Bu gün qaçqın və məcburi köçkünlərin bir çox problemləri öz həllini tapıb. Dövlət bununla bağlı zəruri bütün addımları atır. Zərurət yarandığı təqdirdə məcburi köçkünləri düşündürən, onları narahat edən müəyyən vacib məsələlərlə əlaqədar bizim də çıxışlarımız olacaq. Bu barədə artıq bəzi millət vəkilləri ilə fikir mübadiləsi də aparmışıq. Hansısa bölgələrə bölünməyin tərəfdarı olmasam da, qeyd etdiyiniz bölgədən olan insanlarla bağlı məsələlərdə əvvəlki həmkarlarım da kifayət qədər həssas olublar. Milli Məclisdə də zaman-zaman seçkiqabağı təşviqat dövründə insanlarımızın mənə etdiyi müəyyən müraciətlərlə bağlı məsələləri səsləndirəcəyik. Lazım olanda bəzi məsələlər Milli Məclisdə qaldırılacaq və müəyyən münasibət bildiriləcək.

- Bütün rayonlarda yaşayan seçicilərinizlə görüşdüyünüzü qeyd etdiniz. Ümumiyyətlə, Cəbrayıl, Qubadlı rayonlarının sakinlərinin əsas problemləri, şikayətləri daha çox hansı sahələrlə bağlı idi? Bu problemlərin həllinə necə töhfə verməyi düşünürsünüz?

- Biz bütün bölgələrdə müşahidə etdik ki, dövlət tərəfindən qaçqın və məcburi köçkünlərlə bağlı müəyyən addımlar atılır. Məsələn, bu gün Cəbrayılın ən çox əhalisinin məskunlaşdığı yer Biləsuvar qəsəbəsidir. Son bir neçə ildə bu qəsəbədə yolların abadlaşdırılması, su xətlərinin çəkilməsi, yeni yolların salınması, inzibati binaların tikilməsi ilə bağlı xeyli işlər görülüb. Digər 54 rayonda məskunlaşan insanlarında bizə müraciəti əsasən evlə bağlı olurdu. Bu müraciətləri də biz araşdıranda məlum oldu ki, həmin insanların artıq çoxu ev növbəsindədir. İşlə bağlı olan müraciətləri də aidiyyəti strukturlara yönləndirmişik və bu istiqamətdə də biz gələcəkdə müəyyən addımlar atacağıq. Xüsusilə müraciətlərlə bağlı bir sistem yaratmağı düşünürük ki, belə müraciətləri vaxtında aidiyyəti qurumlara yönəldə bilək.

- Məcburi köçkünlərin müavinət məsələsi ilə bağlı problemlər tez-tez gündəmə gəlir. Sizə bununla bağlı müraciətlər olmayıb? Bu istiqamətdə təşəbbüslə çıxış edəcəksiniz?

- Ümumiyyətlə, qeyd edim ki, Nazirlər Kabinetinin 2017-ci ildə qəbul etdiyi qərara əsasən, bu məsələdə dəyişiklik baş verdi. Bunun da çox ciddi səbəbləri var idi. Artıq bizim əhali xeyli müddətdir müxtəlif bölgələrdə məskunlaşıblar. Zaman-zaman bizə də həmin qərarla bağlı müraciətlər olur. Bu məsələ əvvəlki çağırış deputatlar tərəfindən də Milli Məclisdə qaldırılmışdı. Dövlətin bu addımı düşünülmüş, ölçülmüş, biçilmiş qərardır. Ancaq Milli Məclisdə qərardan narazı olan insanların müraciətləri qaldırılmışdı. Məqamı düşdükdə də biz də bu məsələ ilə bağlı məsləhətləşmələr apararaq, seçicilərimizin müraciətini aidiyyəti strukturlara çatdıracağıq.

- Parlamentin, o cümlədən üzvü olduğunuz İctimai birliklər və dini qurumlar komitəsinin Azərbaycanda dini sabitliyin qorunmasına töhfəsi necə ola bilər?

- Milli Məclisin əsas işi qanunların hazırlanması, baxılmasıdır. Milli Məclisdə fəaliyyətimiz dövründə gənclərin radikallıqdan qorunması, radikalizmlə mübarizə ilə əlaqədar bir neçə təkliflərin hazırlanması, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı öz töhfələrimizi verməyi düşünürük. Bir neçə il bundan öncə Azərbaycanda bununla bağlı qanun da qəbul edilmişdi. Xarici ölkələrə gedən azərbaycanlıların sayında bəlli artım müşahidə olunmuşdu. Bu gün qarşıda duran ən vacib məsələlərdən biri milli-mənəvi dəyərlərimizin qorunmasıdır. Sabitliyin daha da möhkəmləndirilməsi, radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı müəyyən təkliflər verməyi, eyni zamanda xarici ölkələrin bu sahədə təcrübəsini nəzərdən keçirərək müəyyən müzakirələr aparmağı düşünürük. Hesab edirəm ki, aidiyyəti strukturlar da bu istiqamətdə kifayət qədər tədbirlər həyata keçirirlər. Biz də müəyyən qanunlara, normativ aktlara baxaraq və müzakirə edərək, Milli Məclisin plenar iclasına təqdim edəcəyik.

- Azərbaycanda aparılan islahatları necə dəyərləndirirsiniz? Neftin kəskin ucuzlaşması və koronavirus epidemiyası bu islahatların həyata keçirilməsinə hansısa formada təsir göstərə bilərmi?

- Hər hansı bir layihəni həyata keçirərkən orada güclü istəyin və məsuliyyət hissinin olması vacibdir. Burada son iqtisadi proseslər və koronavirus epidemiyası ilə bağlı məsələdə görünən odur ki, dövlət ciddi şəkildə problemlərin aradan qalxması üçün çalışır. Biz bunu açıq şəkildə görürük.

Prezident İlham Əliyevin son təyinatlarında gənclərə üstünlük verməsi, Milli Məclisə seçkilərdə çoxlu sayda müxtəlif bölgələrdən gənclərin iştirak etməsi bunun bariz nümunəsidir. Bu dövlətin bu sahədə iradəsinin nə dərəcədə güclü olmasından xəbər verir. Dövlət islahatların davamlı olması üçün iradə ortaya qoyub, ölkə başçısı bu istiqamətdə çox ciddi cəhdlə çalışır. Açıq şəkildə ölkə başçısı cəmiyyətə müəyyən fikirlərini bildirir. Neftin kəskin ucuzlaşması və koronavirus epidemiyası ilə bağlı xalqı narahat edən məsələlərə həm Prezident İlham Əliyev, həm də İqtisadiyyat naziri Mikayıl Cabbarov öz çıxışlarında toxundu. Bu gün Azərbaycanda iqtisadi və ictimai sabitliyi qorumaq üçün dövlətin kifayət qədər imkanları və potensialı var. Hazırkı dövrdə Azərbaycanı hansısa təhlükə gözləmir. Lakin burada vətəndaşların da üzərində çox ciddi vəzifə düşür. Son proseslərdə biz ajiotaj, təşviş, stress yaratmaq istəyənləri görürük. Bu gün neftin qiyməti ucuzlaşır, koronavirus epidemiyası dünyada yayılır. Amma Azərbaycan bütün bunlara ən adekvat addımları atır və atmaqda da davam edəcək. Hökumətimiz vaxtında adekvat və qabaqlayıcı qərar qəbul edən ölkələrdən biri oldu. Bu proseslər bir daha göstərdi ki, işlək mexanizm var, dövlət öz məsuliyyətini gözəl anlayır və dövlətin bütün strukturları, qurumları yaranmış vəziyyətdən ən az zərərlə çıxmaq üçün çalışır.

Dövlətin özünün qabaqlayıcı planları var. Həm maliyyə strukturları, həm səhiyyə qurumları kifayət qədər yaxşı işləyirlər. Xəstəliklə mübarizənin səmərəliliyinin artırılması, həm də koronavirusla bağlı görülən tədbirlər öz nəticəsini verəcək. Vətəndaşların hansısa təşviş, stress keçirməsinə ehtiyac yoxdur. Dövlət lazım olan bütün addımları atır və atacaq.

Biz də çalışmalıyıq ki, bu proseslərdə dövlətin yanında olaq, dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşaq və onları yerinə yetirək. Bu gün bir sıra ölkələrlə müqayisədə Azərbaycanda bu virusa yoluxanların sayının az olması bir daha göstərir ki, dövlət vaxtında bütün qabaqlayıcı addımları atıb, zəruri tədbirləri həyata keçirib.

- Necə düşünürsünüz, Milli Məclis Prezident İlham Əliyevin müəyyənləşdirdiyi məqsəd və vəzifələri həyata keçirə biləcəkmi?

- Bəli. Hesab edirəm ki, bunu bacaracaq. Milli Məclisin yeni tərkibinə baxdıqda görürük ki, burada uzun müddət Mili Məclisdə deputat olan ziyalılarımız, peşəkar insanlar, eyni zamanda bu çağırışda seçilmiş müxtəlif sahələrdə çalışan gənclər var. Milli Məclisin yeni rəhbərliyi də kifayət qədər təcrübəlidir. Milli Məclisin tərkibi, burada təmsil olunan insanlar ölkə başçısının müəyyən etdiyi istiqamət üzrə hərəkət edə biləcək. Bu gün rəhbərlik tamamilə dəyişilib, komitələrdə dəyişiklik olub. Mobil struktur və peşəkar komandadan ibarət Milli Məclis formalaşdırılıb.

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR