Prezident İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan dünya lideridir”
  • SİYASƏT

  • 20:35 16 Oktyabr 2020

Prezident İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan dünya lideridir”

“Azərbaycan xalqının və digər ölkələrdə yaşayan dostlarımızın, yoldaşlarımızın duaları bizi qoruyur. Çünki biz haqq yolundayıq. Biz öz torpağımız uğrunda vuruşuruq”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin “A Haber”ə kanalına müsahibəsində bildirib.

Dövlət başçısı bildirib ki, Ermənistan tərəfindən aparılan müharibə şər qüvvələrin müharibəsidir: “Biz hər zaman Türkiyədən dəstək görmüşük. Son illər ərzində Türkiyə və Azərbaycan rəhbərliyi o qədər ölkələrimizi bir-birinə bağlayıb, o qədər güclü tellərlə bağlayıb ki, bu birlik, bu qardaşlıq sarsılmazdır. Bu günlərdə Türkiyədən mənə çoxlu məktublar gəlir. Yazırlar ki, hörmətli Prezident biz də Azərbaycana gəlməyə hazırıq, biz də kömək eləməyə hazırıq. Bunlar bizi çox duyğulandırır. Bizim birliyimiz bu çətin məqamda özünü bir daha biruzə verir. Bir daha bütün türk qardaşlarımıza təşəkkür edirəm. Biz onların dəstəyini hiss edirik. Bu dəstək bizə əlavə güc verir, bizim iradəmizi gücləndirir. Mənim əziz qardaşım, hörmətli Prezident  Rəcəb Tayyib Ərdoğan demişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, əslində, bizim birliyimizi təsdiq edən ən gözəl ifadədir, ən gözəl kəlamdır”.

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında da fikrilərini açıqlayıb: “Rəcəb Tayyib Ərdoğan mənim qardaşımdır. Bizim çox yaxın münasibətlərimiz var. Həm prezident kimi, həm iki insan kimi. Ona mənim çox böyük hörmətim var. O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı, Türkiyəni ucaltdı, Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir. Həm bəzi ölkələrdə, təəssüf ki, bəzi siyasi qüvvələr Türkiyənin içindədir. Təbii ki, mən bu işlərə qarışa bilmərəm. Amma bir insan kimi buna biganə qala bilmərəm. Çünki onun Türkiyə üçün gördüyü işlər genişmiqyaslıdır və onun kimi Türkiyəni bu gün sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini önə verən ikinci insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir, amma bilməyənlər üçün də mən demək istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Bu gün Türkiyəyə də hücum edirlər hər tərəfdən. Ona tab gətirmək, onun qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət tələb edir. Böyük peşəkarlıq, biliklər, iradə tələb edir. Mənim qardaşım bax, belə insandır. Və mən onu yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə deyə bilərəm. Və ona bundan sonra da müvəffəqiyyətlər arzu etmək istəyirəm. Onun sözləri, onun addımları, onun varlığı bütün Türk dünyası üçün önəmlidir. Və Türk dünyasının bundan sonra da birləşməsi və iş birliyinin dərinləşməsi üçün biz bundan sonra da böyük səylər göstərəcəyik”.

“Türkiyə müxalifətindən Sizə dəstək mesajları gəldimi” sualına cavabında Prezident belə cəhdlərin olduğunu bildirib: “Belə cəhdlər oldu, belə mesajlar gəldi. Bilirsiniz, mən elə insanam ki, hər şeyi necə var elə də deyirəm. Bu məsələdə diplomatiyaya gərək yoxdur. Mənim üçün Türkiyədə əsas məsələ mənim qardaşıma olan münasibətdir. Kim ona yaxşı münasibət bəsləyir, o mənim ürəyimdədir. Kim ona haqsız münasibət bəsləyir, kim ona qarşı çıxır, mənim ürəyimdə onlar üçün yer yoxdur. Hər bir dəstək göstərmək istəyənlərə mən əlbəttə ki, təşəkkürümü bildirirəm. Ancaq hesab edirəm ki, hər kəs bilməlidir ki, bu gün Ərdoğan olmasaydı, Türkiyənin başı böyük dərddə ola bilərdi. Bunu hər kəs bilsin, hər kəs anlasın. Bunu mən adi bir Azərbaycan vətəndaşı kimi deyirəm və bunu siz 10 milyon Azərbaycan vətəndaşından bu gün eşidə bilərsən. Türkiyə Azərbaycan birliyi möhkəmlənir, ona görə bu birliyi həyata keçirən insanlar da gərək lazımi dəstək alsınlar hər bir yerdən. Milli məsələlərdə. O ki qaldı partiyalar arasındakı məsələlərə, o başqa bir şey. Milli məsələ var. Milli məsələdə hər kəs gərək vətənpərvər olsun”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR