Prezident İlham Əliyev: "Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır"
  • SİYASƏT

  • 16:45 21 Yanvar 2021

Prezident İlham Əliyev: "Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır"

“Təəssüf edirəm ki, bu gün qardaş Türkmənistanda keçirilən mərasimdə iştirak edə bilmədim, lakin aydındır ki, pandemiya səbəbindən bu, hələ mümkün deyil. Bununla belə, bu gün biz videokonfrans formatında yenidən görüşmək, mühüm məsələləri müzakirə etmək, bizim qardaşlıq, dostluq münasibətlərinin xarakterini və ruhunu əks etdirən əlamətdar sənədin imzalanmasında iştirak etmək imkanına malikik. Qəti əminəm ki, ölkələrimiz arasında bütün səviyyələrdə, ilk növbədə, Prezidentlər səviyyəsində sıx siyasi qarşılıqlı fəaliyyət olmasaydı, bugünkü sənədin imzalanması mümkün olmazdı. Sizinlə birlikdə səy göstərmişik ki, ölkələrimizin müvafiq strukturları məhz Prezidentlərin onlara göstərdiyi kimi - əməkdaşlıq, dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işləsinlər. Ona görə də mən bugünkü sənədi tarixi sənəd adlandırardım”.

ONA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans formatında görüşdə bildirib. 

Prezident qeyd edib ki, Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək: “Son illərdə ölkələrimiz arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Ali səviyyədə qarşılıqlı səfərlərimizin xronologiyasına nəzər salmaq kifayətdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyim ki, bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb. Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR