Deputat: “Milli Şura xaricdə yaradılıb, onlara Lökbatanda mitinqə icazə vermək də düzgün deyil”
  • SİYASƏT

  • 13:23 22 Oktyabr 2019

Deputat: “Milli Şura xaricdə yaradılıb, onlara Lökbatanda mitinqə icazə vermək də düzgün deyil”

“Milli Şura xaricdə yaradılmış bir qurumdur, onlara Lökbatanda mitinqə icazə vermək də düzgün deyil”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fərəc Quliyev bildirib.

F. Quliyev deyib ki, parlamentdə kifayət qədər problemlər, məsələlər qaldırılır, tənqidlər səsləndirilir: “Hətta qaldırdığımız məsələlər, səsləndirdiyimiz tənqidlər onlardan da sərtdir. Parlamentdə mənim və digər həmkarlarımızın qaldırdıqları məsələlər həllini tapıb”.

Millət vəkili İlham Məmmədov əhalinin gur olduğu yerdə aksiya keçirməyə cəhd etməyi elektoratı olmayan birisinin ağalarına qulluq göstərməyə çalışması kimi dəyərləndirib. 

Millət vəkili Kamilə Əliyeva artıq dövrün dəyişdiyini, ölkənin qanunlarla idarə olunduğunu söyləyib: “Qanundan kənara çıxanlarla isə hüquqi müstəvidə danışmaq lazım gələcək”.

Millət vəkili Elman Nəsirov oktyabrın 19-da razılaşdırılmamış aksiyaya cəhddə 200-300 nəfərin iştirak etdiyini nəzərə çatdırıb: “Belçikada ayağını qadının başı üzərinə qoyan polisi göstərib deyirlər ki, bu, oktyabrın 19-da Bakıda olub. Bu, vicdansızlıqdır”.

Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ölkədə bütün azadlıqların təmin olunduğunu vurğulayıb: “Ancaq müxalifət icazəsiz yerdə aksiya keçirmək istəyib. Onlar bununla təxribat törətmək niyyətində olublar. Həmişə olduğu kimi daxili işlər orqanları qanunauyğun formada tədbirlər görüb. Adını müxalifət qoyub, xalqına, dövlətinə qənim kəsilən Əli Kərimli kimilər bilməlidir ki, dövlətimizdə sabitlik daim qorunacaq. Bunu onların ağaları da başa düşsünlər”.

Millət vəkili Tahir Kərimli icazəsiz aksiya keçirməyə cəhd göstərməklə heç nəyə nail olmadığını bildirib: “KİV-in görüntülərində yüzlərlə adam belə göstərilmədi, minlərlə insan küçələrə nə zaman çıxmışdı? Ancaq Əli Kərimli Sevinc Osmanqızına müsahibəsində minlərlə insanın çıxdığından danışır. Onlar harada idi? Əli Kərimli görür ki, Milli Şuranın rəhbərliyində olanlar onunla birlikdə aksiyaya çıxmır. Bu qarışıqlıq nə verir? Nəticə yoxdur. Ona görə də konstruktiv dialoqa gəlin”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 19 oktyabrda icazəsiz aksiyaya cəhd edənlərin Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmaq niyyəti güddüklərini də qeyd edib: “Prezident İlham Əliyev Azərbaycanın maraqlarını yüksək səviyyədə beynəlxalq aləmdə qoruyur. Bir neçə gündən sonra Azərbaycan Qoşulmama Hərəkatına ev sahibliyi edəcək. Bu destruktiv qüvvələr Azərbaycan-ABŞ münasibətlərini pozmaq istəyir. Ancaq buna nail ola bilməzlər, iki ölkə arasında yüksək səviyyədədir. İkincisi, bu destruktiv qüvvələr Prezident İlham Əliyevin apardığı islahatlara zərbə vurmaq istəyirlər, bunu da bacarmayacaqlar. Prezidentin apardığı siyasət xalqın apardığı siyasətdir”.

 

OXŞAR XƏBƏRLƏR