• SOSİAL

    15:29 4 sentyabr 2020

“Ermənilər qapımızda günəmuzd işləyirdilər” TOVUZUN AĞDAM KƏNDİNDƏN REPORTAJ - VİDEO

Tovuzun Ağdam kəndi Ermənistanla sərhəddə yerləşir. İllərdir bu kəndin sakinləri işğalçı ordunun hədəfinə çevrilib. Ermənilərin kəndi atəşə tutması nəticəsində güllə yarası alan da olub, həyatını itirən də. Lakin ağdamlılar kəndi heç vaxt tərk etmək niyyətində olmayıb.

APA TV xəbər verir ki, bu qədim yaşayış məskəninin 1200 nəfərdən çox əhalisi var. Əsas məşğuliyyət isə əkinçilik və heyvandarlıqdır.

Kəndin adı haqqında müxtəlif versiyalar söylənilir. Kimisi bu kəndin adını vaxtilə Ağdam rayonunun Seyidli kəndindən ora köç edib yaşayan ağdamlıların adı ilə bağlayır, kimisi də kənddə yumurta və əhəngin birgə qarışığından inşa olunan evin ağ rəngli damı ilə. Yəni Ağ Dam.

Lakin 1917-ci ildə bu kəndin adı Ağdam Ocaqlı şəklində qeydə alınıb. Kənd boz dağların, yəni Gen Quzey, Bala Quzey, Keçəməlli, Dolmatdı və Qaraqaya dağlarının ortasında yerləşir. Qaraqaya dağına isə son illər el arasında “Alınmaz qaya” da deyilməyə başlanıb. Yaşayış məntəqəsinin ortasından axan Axınca çayı kəndi iki hissəyə ayırır. Kəndin sakinləri qonaqpərvər və mehriban insanlardır. Allah qonağını çox sevirlər.

Lakin son illər artıq cəbhə bölgəsi olan Ağdam kəndinə sakinlərin ən yaxın qohum-əqrəbasından başqa nə gələn var, nə də gedən. Gələn qonaqlar isə ermənilərin yaratdığı gərginlikdən sonra, sadəcə, mətbuat nümayəndələri və siyasətçilər olur.

Qonağı olduğumuz Sarıgül Bağırova 2 oğul övladı ilə yaşayır. Gədəbəydən bu kəndə gəlin gələn Sarıgül xanım həyat yoldaşı rəhmətə getdikdən sonra kəndi tərk etməyib. O da buranı özünə daimi yaşayış yeri seçib: “Hamı evində eşiyində, işi ilə, gücü ilə məşğuldur. Heç kimdə harasa getmir, hamı öz işində. Nə qədər atırlar atsın, canları da çıxsın, heç kim nə qaçır, nə də harasa getmək fikrinə düşür. Hamı mal-qoyun saxlayır, hökumətdən gəliri olur. Yaxşıyıq, pis deyilik”.

Qara babanın isə 85 yaşı var. Bu kənddə doğulub, böyüyüb və işləyib. Deyir ki, mənim ağlım kəsəndən qonşu kəndlərdə, yəni Ermənistanın sərhəd kəndlərində yaşayan ermənilərin dolanışığı bu kənddən çıxıb. Kəndə gələn ermənilər kəndin əkin-biçin işlərində günəmuzd çalışıb. Qara baba ermənilərin hazırda yaşadığı kəndlərdə vaxtilə azərbaycanlıların yaşadığını deyir. Onun sözlərinə görə, sonralar ermənilər o kəndlərə köç edib məskunlaşdıqca, azərbaycanlı ailələr erməni ailələri ilə aralarındakı mentalitet fərqinə görə kənddən çıxıb və geri qayıtmayıb. Bu gün də həmin kəndlərin adlarına baxanda, Azərbaycan mənşəli sözlər olduğunu görürük: “Var Çinar kəndi, var Argizor kəndi. Argizor kəndində vaxtilə ermənilər olmayıb. Ora olub Argizor Qula kəndi. Qulu adlı kişi olub, o kənddə yaşayıb, sonra ermənilər gəlib orada məskunlaşanda adını qoyublar Qula kəndi. Sonra da dəyişib qoyublar Argizor kəndi. Oradan keçirsən Qaraqaya kəndi var, böyük kənddir. Sonra Çolaxan kəndi var. Onun adını qoymuşdular əvvəllər Kələntərli, sonra dəyişib qoydular Çolaxan. Sonra 4 kənd getdimi? Bax, bizə atəş açdıqları Qaraqayanın arxasında bir tərəfi Ağdərə kəndi, ona 2 km məsafədə yaxın olan Qusas kəndi var. Münasibət yaxşı olub. Əslində onların dolanışıqları elə bizim kənddən olub. Mənim çox yaxşı yadımdadır ki, ermənilər kərənti ilə gəlib qapı-qapı iş axtarırdılar. Yaxşı yadımdadır, oraq var idi, onlar oraqla gəlirdilər, taxıl biçirdilər. Onların dolanışığı çox pis idi”.

Düz 30 ildir ki, kənd mütəmadi olaraq ermənilərin atəşinə məruz qalır. Ermənilər zaman-zaman mülki əhalini atəşə tutur, biçin zamanı taxıl zəmilərini və ya otlaq sahələrini yandırmağa çalışır.

APA TV-nin Ağdam kəndinə ezam olunmuş əməkdaşları kənddə olduğu zaman erməniləri atəşkəsi pozduğuna və kəndi atəşə tutduğuna şahid olub və həmin anları lentə də ala biliblər.

Vaxtaşırı sərhəddə gərginlik yaratmağa çalışan erməniləri ordumuz sərrast cavab atəşi ilə susdurur. Amma kəndə atılan bir güllə bəzən dinc sakinlərin də ömrünə son qoya bilir. Bir atalar sözündə “qonşun pisdir, köç qurtar” deyilsə də, ağdamlılar deyir ki, köçəcək biri varsa, o da ermənilərdir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR