İlahiyyatçı alim: "İftar mərasimləri keçirib bir yerə toplaşmaq koronavirus xəstəliyinin daha da artmasına səbəb ola bilər"
  • SOSİAL

  • 13:10 14 Aprel 2021

İlahiyyatçı alim: "İftar mərasimləri keçirib bir yerə toplaşmaq koronavirus xəstəliyinin daha da artmasına səbəb ola bilər"

“Çox təəssüf ki, builki Ramazan ayı yenə də pandemiya dövrünə təsadüf edib. Bu baxımdan, yaxşı olar ki, oruc tutanlar, inanclı insanlar Ramazan ayı ilə bağlı toplantılardan, iftar mərasimlərindən uzaq dursunlar”.

Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı alim Samid Quliyev bildirib.

Onun sözlərinə görə, bu cür iftar mərasimlərinin ailə daxilində keçirilməsi daha məqsədəuyğundur: “İmkanı olan şəxslərin iftar mərasiminə çəkiləcək xərci uşaq evlərinə, qocalar evinə, imkansız şəxslərə verməyi daha məsləhətli olardı. Çünki iftar mərasimləri keçirib bir yerə toplaşmaq koronavirus xəstəliyinin daha da artmasına səbəb ola bilər. Bu cür mərasimdə iştirak edən şəxs orada xəstəlik daşıyıcısına çevrilib bunu evinə gətirə və ailə üzvlərinə də yaya bilər. Ona görə də bu cür mərasimləri təşkil etməmək daha yaxşı olar. Qurani-Kərimdə də ayə var ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Hətta Məhəmməd Peyğəmbərin də belə bir hədisi var: görsəniz ki, bir yerdə yoluxucu xəstəlik var, ora getməyin və ya bütün məmləkətdə varsa, yerinizi tərk etməyin”.

S. Quliyev deyib ki, dua etmək insanla Allah arasında olan bir rabitədir: “Hər bir insan fərdi də, ailə üzvləri ilə birgə yaxud sahur yeməyi vaxtı dua edə bilər. Ən böyük dua odur ki, Allah tezliklə bu xəstəlik bəlasını üzərimizə götürsün”.

Qeyd edək ki, bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.

Təqvimə əsasən, Əhya gecələri (Qədr gecəsi) 1 may (Ramazanın 18-ci günü), 3 may (Ramazanın 20-ci günü), 5 may (Ramazanın 22-ci günü) və 9 may (Ramazanın 26-cı günü) tarixlərinə təsadüf edir.

Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

 

ONA

Teqlər: