• SOSİAL

    10:29 6 noyabr 2019

Oktay Gülalıyev Türkiyəyə yola salınıb

Hüquq müdafiəçisi Oktay Gülalıyev Türkiyəyə yola salınıb.

Bu barədə APA-ya hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib: “Atam xüsusi təyyarə vasitəsi ilə Türkiyəyə yola salındı. O, İstanbulda yerləşən Avrasiya Xəstəxanasına köçürülür”.

Qeyd edək ki, Oktay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Hazırda onun müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

Heydər Əliyev Fondu Oktay Gülalıyevin müalicəsini üzərinə götürüb. Ailəsinin müraciəti nəzərə alınaraq, hazırda koma vəziyyətində olan Oktay Gülalıyevin müalicəsinə dəstək baxımından xaricdən mütəxəssislər cəlb olunub. İstanbuldan dəvət olunmuş həkim Oktay Gülalıyevin vəziyyəti ilə yerində tanış olub. Ailəsi Oktay Gülalıyevin müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verdiyindən hazırda Heydər Əliyev Fondu bununla bağlı məsələlərin həllini həyata keçirir.

Belə ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Oktay Gülalıyevin Türkiyəyə aparılması üçün xüsusi ambulans təyyarə ayrılıb və onun qısa müddətdə həkimlərin nəzarəti altında İstanbula aparılması nəzərdə tutulur. Eyni zamanda Oktay Gülalıyevin səhhəti ilə bağlı bundan sonra da yaranan bütün zəruri məsələlərin Heydər Əliyev Fondunun prezidentinin nəzarətində saxlanılacağı və müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR