Balaxanıda erməni vəhşiliyi, güllələnmiş məscid - [color=red]31 MART GERÇƏKLƏRİ [/color] - [color=red]VİDEO[/color]
  • SOSİAL

  • 18:13 31 Mart 2021

Balaxanıda erməni vəhşiliyi, güllələnmiş məscid - 31 MART GERÇƏKLƏRİ - VİDEO

1918-ci ilin mart qırğınlarından bir əsrdən artıq zaman ötsə də, bu gün ölkəmizin istənilən bölgəsində mart soyqırımının izlərini hələ də görmək mümkündür. Belə məkanlardan biri də o zaman Azərbaycanın neft sənayesinin əsas mərkəzlərindən hesab olunan Bakının Balaxanı kəndidir.

APA TV-nin məlumatına görə, ermənilər mart və aprel ayları ərzində kənddə 600-dən artıq insanı amansızcasına qətlə yetirib. Azğınlaşmış düşmən bu azmış kimi, bir çox tarixi abidələrimizi məhv edib, bir çoxunu isə yararsız hala salıb. Belə tarixi abidələrdən biri də Balaxanı qəsəbəsinin mərkəzində yerləşən Hacı Şəhla məscididir.

XIV əsrin yadigarı olan Hacı Şəhla məscidi 1918-ci ilin mart qırğınlarına da şahidlik edib. Ermənilər o dövrlərdə təkcə insanları deyil, tarixi abidələrimizi, məscid və türbələrimizi də hədəf olaraq seçmişdilər.

 

Ermənilərin atdığı top mərmilərinin, güllələrin izləri bu gün məscidin divarlarında qalmaqdadır. 1385-1386-cı illərdə Şirvanşahlar tərəfindən inşa olunan bu tarixi tikilinin böyük bir hissəsi mart qırğınları zamanı ermənilər tərəfindən dağıdılsa da, abidə müstəqillik illərində yenidən bərpa edilib. Restavrasiya və rekonstruksiya işləri aparılan zaman erməni vəhşiliyinin izləri gələcək nəsillərin tarixdən dərs alması üçün saxlanılıb.

Hacı Şəhla məscidindən bir neçə metr aralıda yerləşən Şakir ağa türbəsi də eyni aqibəti yaşayıb. 1427-1428-ci illərdə şirvanşah əmiri Şakir ağa ibn Mürtəzanın sifarişi ilə inşa olunan bu türbənin divarları ermənilərin toplardan açdığı atəş nəticəsində xeyli ziyan görüb.

Kənd sakini Bəxtiyar İsrafilov deyir ki, məscidin yerləşdiyi ərazi Balaxanının ən hündür yeri olduğuna görə kənd əhalisi bura sığınaraq ermənilərə qarşı mübarizə aparıb. Təsadüfi deyil ki, günü bu gün də balaxanılılar bura “Səngər” deyir. Bunun səbəbi isə kənd əhalisinin mart qırğınlarında səngər qazaraq erməni cəlladları ilə döyüşməsidir: “Kəndin ən hündür yerində, dayandığımız yerdən təxminən bir kilometr aralıda, Qotrov təpələri deyilən yerdə ermənilər öz toplarını yerləşdirmişdilər. Qocaların dediyinə görə, oradan kəndi atəşə tuturdular. Bu atəşlər nəticəsində kənddə onlarla ev dağıldı. O cümlədən erməni hücumları nəticəsində kəndimizin ən müqəddəs yerlərindən olan Hacı Şəhla məscidi dağıdıldı, bir qədər aralıda olan Şakir ağa türbəsi viran qaldı. İndinin özündə də bu divarlara baxsanız, görəcəksiniz ki, həmin o dəhşətli günlərin xatirələri bu divarlarda hələ də qalmaqdadır”.

Balaxanı sakini Elçin Mirzəbəyovun sözlərinə görə, səngər elə bir yerdir ki, döyüş yeri mənasını verir: “1918-ci ildə erməni vəhşiləri bizim kəndə hücum edəndə camaat ərazidə toplanıb. Bu ərazidə bir məscid və bir türbə olub. Bu abidələr XIV, XV əsrlərdə inşa olunub. Camaat da müdafiə olunmaq üçün bura sığınıb. Ona görə də kənddəki qırğınların əsas hissəsi burada olub”.

Mart qırğınlarını gözü ilə görən insanlardan indi kənddə heç kəs sağ qalmasa da, söhbətlərinin şahidləri var. Tamilla Muxtarova deyir ki, ermənilər burada 200 balaxanılını öldürüblər, 400-ə yaxın insanı isə kəndin girişində stansiyanın yanında qətlə yetiriblər: “Bu ərazidə məscid olub. İnsanlar bura sığınıb ziyarət edəndə ermənilər onların hamısını qırıb. Ona görə də bizim babalarımız, nənələrimiz buradan keçəndə deyərdilər ki, ağlamayın. Biz bunları görmüşük, siz görməmisiniz deyirdilər. Bunlar zülm çəkdilər, bunlar müsibət çəkdilər. Bunlar aclıqdan jımıx, ot yedilər”.

Bəxtiyar İsrafilov qeyd edir ki, erməni quldurları Balaxanının ən qiymətli, müqəddəs yerləri olan tarixi abidələri də dağıdaraq pis vəziyyətə salmışdılar: “Kəndə soxulan erməni silahlıları Bakıda olduğu kimi, Balaxanıda da dəhşətli qırğınlar törətdilər. Onlarla sakin vəhşicəsinə öldürüldü, qətlə yetirildi, erməni vəhşiləri eyni zamanda evləri dağıtdılar. Onlar bununla da kifayətlənməyib həmin evlərin əmlakını da qarət etdilər. Ürəkləri bununla da soyumayan ermənilər”.

Elçin Mirzəbəyov isə nənəsindən eşitdiklərini danışır: “Mənim nənəm o vaxt söhbət edirdi ki, babam da daxil olmaqla kəndin bir çox kişiləri səngər qazaraq ermənilərlə döyüşüblər. Onların heç o qədər də silah-sursatı olmayıb. Hər 5 nəfərə bir beşatılan, ov tüfəngi çatırdı. Elə o formada da vuruşublar”.

Yusif Yaminov hesab edir ki, ermənilərlə ölüm-qalım savaşında Bakı qoçularının da rolu danılmazdır. Nuri Paşanın sərəncamındakı Qafqaz İslam Ordusu Bakıya çatana qədər qoçular əhali arasındakı nüfuzlarından istifadə edərək yerli əhalidən silahlı dəstələr formalaşdırmışdılar. Məqsəd türk ordusu Bakıya yetişənə kimi erməniləri ləngitmək idi: “Balaxanıda Məşədi Kampan, Kərbəlayi Baxış, Hacı Abutalıb adlı imkanlı kənd sakinləri əhaliyə yardım edib. Hacı Abutalıb o vaxt pulemyot alıb gətirərək bizimkilərə verib ki, ermənilərin hücumunun qarşısı kəsilsin. Bundan əlavə, Balaxanının camaatına qoçular kömək edib. Qoçu Hacıağa, Qoçu Həsənbala kimi kənd adamları gördüyünüz bu yerdə ermənilərə qarşı döyüşüb. Burada səngərlər qazıblar. Döyüşlər təkcə burada deyil, Balaxanının bütün küçələrində ermənilərin dırnaqarası izləri var”.

Elçin Mirzəbəyov da onunla həmfikirdir: “O dövrdə kəndi müdafiə edənlər əsasən qoçular olublar. Qoçularda da 1-2 mauzer tapançası, 1 pulemyot, 1 neçə tüfəng olub. Bir pulemyot o boyda ordunun qabağında nə edə bilər? Mənim Naqif adlı bir qonşum var idi. İndi rəhmətə gedib. Deməli, o vaxt ermənilər Naqif dayının nənəsini bu həyətlərdəki quyulardan birinə atıblar. Bizim evdən bir az yuxarıda Hüseyn kişi yaşayırdı. Onun nənəsini isə xəncərlə doğrayıb yanan sobaya atmışdılar. Mən eşitmişəm ki, ermənilər tonqal qalayıblar və tonqalda körpə uşaqları yandırıblar. Balaxanıda istənilən məhəlləyə getsəniz, orada erməni vəhşilikləri haqda eşidəcəksiniz. Yaxşı ki, türklər gəliblər, bu ərazidən keçərək camaatı xilas ediblər. Biz öz varlığımıza görə Osmanlı türklərinə hər zaman minnətdarıq”.

Bəxtiyar İsrafilov daşnakların Balaxanıya daxil olduğu istiqaməti göstərir: “Kəndin ən qədim məhəllələrindən biri bax, burada, yerləşir – məşhur Cəbiyevlər məhəlləsi. Ermənilər Balaxanıya məhz buradan daxil olublar. Çünki biz dayandığım yerdən təxminən 500 metr aralıda Balaxanı dəmiryolu stansiyası yerləşirdi. Ermənilər Bakıdan dəmiryolu vasitəsilə gəlib Balaxanıya daxil olandan sonra yalandan küçələrdə qışqıraraq deyirdilər ki, ay camaat, sizinlə bir işimiz yoxdur, çıxın gedin evinizə-eşiyinə. Burada döyüş gedir, harda gizlənmisiniz, çıxın, gedin”.

Ermənilərin niyyəti yerli əhalini aldadıb daha böyük qətliam törətmək idi. Bundan duyuq düşən kəndin başıpapaqlıları qadın və uşaqları kənddən çıxararaq onları indiki Nardaran kəndi ərazisindəki qayalıqlara göndərir ki, xanımlar düşmənin əlinə keçməsin. Kənddə isə demək olar ki, yalnız kişilərlə yaşlı qadınlar qalır: “Biz yaşadığımız evdə mənim anamın babasını, 85 yaşlı ahıl insanı vəhşicəsinə, işgəncə verərək qətlə yetiriblər. Əl-qollarını qılıncla doğrayıblar, başını kəsiblər. Bizdən bir qədər aralıda yaşlı bir qadını o cür vəhşicəsinə öldürüblər. Kəndin məşhur Xırman məhəlləsində ölülərin cəsədlərini bir yerə yığaraq tonqalda yandırıblar”.

Yusif Yaminov vurğulayıb ki, Qafqaz İslam Ordusu Bakıya yetişdikdən sonra Balaxanı kəndi, bütövlükdə Azərbaycan mənfur ermənilərin vəhşiliyindən, özbaşınalığından xilas oldu. Nuri Paşa ermənilərə qarşı döyüşlərdə şücaət göstərmiş bir neçə Balaxanı sakinini şəxsən özü medalla təltif edib. Həmin şəxslərin bir hissəsi Osmanlı ordusuna qatılaraq qardaş ölkənin Qurtuluş savaşına yollanıb. Kənddə qalanlar isə sonrakı illərdə yenidən ermənilərin məkrli siyasətinin qurbanı olub: “Deyilənə görə, mart qırğınlarında 26 Bakı Komissarlarının da böyük rolu olub. Şaumyan, Mirzəyan və digərləri bu soyqırımının həyata keçirilməsində iştirak ediblər, camaatı qırıblar. Ermənilər 1937-ci ildə onlara qarşı vuruşmuş insanların hər birini güllələtdiriblər. Yəni ermənilər repressiya illərində də öz xislətlərini göstəriblər. Onlara qarşı vuruşanları, onlara qarşı silah qaldıranların birini də sağ buraxmayıblar”.

Bəxtiyar İsrafilov soyqırımı gerçəklərini unutmadıqları üçün əcdadlarını minnətdarlıqla xatırlayır: “Babalarımız bacardıqları qədər bunları bizə deyirdilər. Amma sovet dövründə belə şeyləri danışmaq təhlükəli idi. Qapalı şəkildə danışırdıq bunları. Deyirdilər ki, bunlar beynəlmiləlçiliyə uyğun gəlmir. “Ermənilər bizimlə dostdur, qardaşdır” deyirdilər. Camaat belə şeyləri qorxa-qorxa danışardı o vaxtlar”.

Elçin Mirzəbəyovun sözlərinə görə, bu gün Balaxanı sakinləri alnıaçıq, üzüağ şəkildə öz babaları ilə fəxr edirlər: “Nə qədər övladımız 44 günlük Vətən Müharibəsində iştirak etdilər. Şəhidlərimiz də oldu, qazilərimiz də oldu. Onlar ermənilərdən qisas aldılar. Mən inanmıram ki, 44 günlük zəfərimizdən sonra ermənilər bir daha özlərinə gəlib, bizə qarşı bu vəhşilikləri törədəcəklər”.

“Ot kökü üstə bitər” deyib atalarımız. Bəli, Balaxanının mərd oğulları 44 günlük Vətən Müharibəsində düşməni məğlubiyyətə düçar edərək, həm mart qırğınlarında qətl edilən babalarının qisasını aldı, həm də 30 ilə düşmən tapdağında qalan əzəli torpaqlarımız işğaldan azad olundu. Bir sözlə, ilahi ədalət bərpa olundu.

Bu gün Hacı Şəhla məscidinin, Şakir ağa türbəsinin divarlarındakı top mərmilərinin, güllələrin izlərini görən hər bir azərbaycanlı bütün bu yaşananları unutmamalıdır. Tarix daşlarda yazılmış yazı deyil, həm də yaddaşdır. Qan yaddaşı...

 

OXŞAR XƏBƏRLƏR