Bəzi ölkələr yenidən məhdudlaşmalara gedir: COVID-19 təhlükəsi qayıdır?  - [color=red]TƏHLİL[/color]
  • SOSİAL

  • 14:30 21 Avqust 2020

Bəzi ölkələr yenidən məhdudlaşmalara gedir: COVID-19 təhlükəsi qayıdır? - TƏHLİL

Bu gün bütün dünyada, xüsusən də, bir çox Avropa ölkəsində, o cümlədən Türkiyədə  COVID-19-a yoluxma hallarının kəskin  artması və bununla bağlı ümumi vəziyyətin mürəkkəbləşməsi müşahidə edilir.

Vəziyyətin bu hal alması isə təbii ki, hər kəsi, elə bütün dünyanı narahat edir. Vurğulayaq ki, son zamanlar koronavirusla bağlı vəziyyət düzəlməyə doğru gedirdi, lakin rəqəmlərin belə acınacaqlı istiqamət alması, statistikanın mənfiyə doğru dəyişməsi yenidən həyəcan təbili çalınmasına səbəb olub. Müqayisə üçün bildirək ki, hələ bu ilin yanvar ayında dünya üzrə COVID-19-a yoluxanların sayı gündəlik 10 min nəfəri keçmirdi. Mart ayının əvvəllərində Çin koronavirusa qarşı mübarizədə böyük uğur əldə edə bildi və virusa yoluxanların sayı kəskin azaldı. İlin əvvəlində dünyada koronavirusdan ölənlərin sayı 3 min nəfər həddində idi.  İtaliyada cəmi min nəfər yoluxma qeydə alınırdı. Dünya üzrə COVID-19-dan sağalanların sayı yoluxanların sayını üstələyirdi.

Lakin martın ortalarından  başlayaraq bütün dünya üzrə koronavirusun yayılma tempi artmağa başladı. Bu gün hətta ən inkişaf etmiş ölkələr üzrə rəsmi statistika acınacaqlıdır. Məsələn, Fransada virusa yoluxanların sayı son günlər kəskin artır.

 

Koronavirusla əlaqədar cari vəziyyətə dair Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Avropa regionu üzrə yeni növ COVID-19-a yoluxma sayında yenidən kəskin artım müşahidə edilir ki, bu da ciddi narahatlıq yaradır. Avropada əgər təxminən 1 ay əvvəl - iyulun 20-də 18 423 ümumi yoluxma faktı qeydə alınmışdısa, avqustun 20-də bu rəqəm 38% artaraq 29 899-a çatıb. Bu isə kifayət qədər böyük rəqəmdir.

Maraqlı faktdır ki, İtaliya, Almaniya, İspaniya, Fransa koronavirusa yoluxma sayına görə Çini xeyli geridə qoyub. Məsələn, İspaniyada yayın əvvəllərində yoluxmalar kəskin azalaraq ikirəqəmli həddə düşmüşdüsə, bu göstərici son vaxtlar yenidən pisləşməyə başlayıb, məsələn, avqustun 20-də gündəlik 6671 yoluxma qeydə alınıb. Eyni zamanda COVID-19-dan ölüm hallarının da sayı xeyli artıb. Məsələn, İspaniyada avqustun əvvəllərində cəmi bir neçə nəfərin bu virusdan ölməsi faktı müşahidə edilirdisə, hazırda bu göstərici təxminən 10 dəfə artaraq 127-ə çatıb. İspaniyada koronavirusdan ölənlərin sayı artıq 29 minə yaxınlaşır. Digər Avropa ölkəsi, iqtisadi gücü və səhiyyəsi öndə olan Fransada avqustun əvvəllərində bəzi günlər yoluxma halları 0-a düşsə də, son günlər yenidən kəskin artımlar müşahidə olunur. Belə ki, avqustun 20-də bu ölkədə gündəlik yoluxma 3680 nəfər olub. Fransada ümumilikdə bu xəstəlikdən artıq 30 mindən çox insan dünyasını dəyişib.

Vəziyyətin mənfi istiqamətə dəyişməsi təbii ki, bir sıra Avropa ölkələrini koronavirusdan qorunmaq üçün məhdudlaşdırıcı addımlar atmağa vadar edir. Artıq bir sıra məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Finlandiya yeni növ koronavirusla əlaqədar Norveç, Danimarka, İslandiya, Almaniya, Yunanıstan, Malta, İrlandiya, Kipr, San Marino və Yaponiyadan gələn səyahətçilər üçün yenidən səyahət məhdudiyyətlərinin tətbiq edilməsinə qərar verib. Məhdudiyyətlər avqustun 24-dən qüvvəyə minəcək.

Çex Respublikası 2021-ci ilin mart ayına qədər tibbi maskaların taxılmasını məcburi elan edib. Xorvatiya, Sloveniya bu ölkələrə gələn əcnəbi vətəndaşların karantinə alınmasını məcburi qaydaya salıb. Bu ölkələrə gələnlər hava limanında məcburi testdən keçirilir. İslandiyaya gələnlər də məcburi qaydada testdən keçməli olacaqlar. Avropa İttifaqına daxil olan ölkələrə xaricdən gələn yerli və xarici vətəndaşlar üçün karantin məcburidir.

Almaniya isə ölkə vətəndaşlarının xarici ölkələrə məzuniyyətə getməsinə məhdudiyyətlər qoyub. Almaniyada son 3 həftədə koronavirusa yoluxanların sayı xeyli artıb və artım sürətlənir. Almaniyaya gələn  yerli və xarici vətəndaşlar üçün karantinə alınmaq məcburidir.

İtaliyada diskotekalar və əyləncə mərkəzləri bağlanıb.

Böyük Britaniyada koronavirusa yoluxanların sayı avqust ayından artmağa başlayıb. Bir sıra iri şəhərlərin karantinə alınması ehtimalı böyükdür. Bu ölkədə məktəblərin nə vaxt açıla biləcəyi də böyük sual altındadır.

Türkiyədə də vəziyyət ürəkaçan deyil. Avqustun əvvəllərində xəstəliyin azalması ilə əlaqədar əldə edilən müsbət dinamika son günlər mənfiyə doğru dəyişib. Türkiyədə xəstəliyə gündəlik yoluxmada gündəlik təxminən 30% artım müşahidə olunur. Yoluxma halları artıq bir müddətdir ki, gündəlik min nəfərin üstünə qayıdıb. Bununla əlaqədar Türkiyədə də bəzi məhdudlaşdırıcı tədbirlərin tətbiqinə başlanılıb. 

Oxşar vəziyyət Avstriyada da müşahidə olunur. Burada da xəstəliyin azalması ilə əlaqədar son aylar əldə edilən müsbət dinamika pisləşməyə başlayıb.

Göründüyü ki, bütün dünyada COVID-19-nun yeni dalğası başlayıb. Belə tendensiya qaydaların yenidən sərtləşdirilməsini aktual edir. Lakin sərtləşdirilmiş qaydalar dünya iqtisadiyyatına da ciddi təsir göstərir. Odur ki, dünyanın beyin mərkəzləri vəziyyətdən çıxış yolları axtarırlar. COVID-19 dünyanın ən əsas problemi olaraq qalmaqdadır. Vəziyyətdə real müsbət dönüş əldə edilənə qədər isə qaydaların sərtləşdirilməsi qaçılmaz görünür.

APA Analytics