DİM: İmtahanların formatı karantin rejiminin qaydalarına uyğun müəyyən ediləcək
  • SOSİAL

  • 12:43 21 Aprel 2020

DİM: İmtahanların formatı karantin rejiminin qaydalarına uyğun müəyyən ediləcək

“İmtahanların formatı üzərində işləyirik. Karantin rejimi zamanı regiondan regiona vətəndaşlar icazəsiz gedə bilməz. Evdən icazəli çıxmaq üçün səbəblərdə də imtahana getmək yoxdur. Ona görə də imtahanların formatı da karantin rejiminin qaydalarına uyğun olaraq müəyyən ediləcək”.

APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlər üçün keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən imtahanlar kütləvi imtahanlardır: “Kütləvilikdə nə qədər adam ola bilər, 50, 100 və s. bunu qərargah müəyyən edəcək. Bir partanın arxasında yalnız bir adam otura biləcək, əvvəl iki-iki otururdular. İndi əsas məqsəd sanitar-gigiyenik təhlükəsizliyi qorumaqdır, ona görə də abituriyentlər bir-bir oturmalı, aralarında 1,5 metr məsafə olmalıdır. Bu normativləri nəzərə alırıq. Martın 1-də keçirdiyimiz imtahanda da şagirdlərin hərarəti yoxlanılmışdı, hərarəti olanlar imtahana buraxılmamışdı. İmtahandan əvvəl binaların auditoriyalarında hansı tədbirlər görülməlidirsə, görəcəyik. Bu, elə də sadə proses deyil. Bu prosesdə təkcə bizim yox, müəyyən qurumların əməkdaşları da iştirak etməlidir".

ONA

Teqlər: