“Gilan Tekstil Park” qoruyucu kombinezonların istehsalına başlayıb, tibbi maska istehsalına hazırlıq görür - [color=red]VİDEO[/color]
  • SOSİAL

  • 18:55 13 Aprel 2020

“Gilan Tekstil Park” qoruyucu kombinezonların istehsalına başlayıb, tibbi maska istehsalına hazırlıq görür - VİDEO

Ölkənin ən iri tekstil müəssisəsi olan “Gilan Tekstil Park” MMC qısa müddət ərzində istehsalat prosesində dəyişikliklər edib, tələb olunan xammalı alıb, qoruyucu kombinezonların istehsalına başlayıb, tibbi maskaların istehsalına isə növbəti həftə ərzində start verəcək.

APA-nın məlumatına görə, fasiləsiz iş rejimində çalışan “Gilan Tekstil Park”-da həftəlik istehsal gücü 30 000 qoruyucu kombinezon və minimum 1 000 000 tibbi maska təşkil edəcək.

İstehsal olunan Tyvek®Klassik modelli qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli maddələrdən və ya həssaslıq yarada bilən məhsullardan və proseslərdən qorumaq üçün nəzərdə tutulur.

Tibbi maskaların istehsalı üçqatlı texnologiya ilə həyata keçiriləcək. Nəticədə havada uçan müxtəlif kateqoriyalı və fərqli ölçülərdə virusları, infeksiyaları, o cümlədən tozu və digər çirkli hissəcikləri maskanın istehsalında istifadə olunan xüsusi materiallar üçqat birləşərək filtr edir və insan sağlamlığına ziyan vura biləcək elementləri maskada saxlayır.

İndiyə qədər daxili bazarda qoruyucu kombinezon və tibbi maskalara olan tələbat idxalın hesabına ödənilirdisə, dünyada COVİD-19 pandemiyası ilə əlaqədar tələbatın dəfələrlə artması səbəbindən xaricdə məhsulların böyük qıtlığı yaşanıb. Nəticə etibarilə həmin məhsullara olan ehtiyacın yerli istehsal hesabına ödənilməsi  zərurətə çevrilib. İstehsalı üçün tələb olunan xüsusi xammal və müasir avadanlıq Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının dəstəyi ilə qısa müddətdə müəssisəyə gətirilib və istehsal xətti istifadəyə verilmək üzrədir.

Qeyd edək ki, koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işləri daim diqqət mərkəzində saxlayan  Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunması məsələsinə hər zaman xüsusi həssaslıqla yanaşır.

2020-ci il aprelin 6-da  Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı, həmin mərasimdə dövlət başçısının söylədiyi dəyərli fikirlər bunun bariz nümunəsidir.

ONA

Teqlər: