İnfeksionist: "Qaydalara riayət edərək ordumuza dəstək olmağa çalışaq"
  • SOSİAL

  • 17:00 27 Oktyabr 2020

İnfeksionist: "Qaydalara riayət edərək ordumuza dəstək olmağa çalışaq"

“Hər il qış aylarında hava-damcı yolu ilə keçən infeksiyalarda artım müşahidə olunduğunu nəzərə alaraq, COVID-19-un da payız-qış mövsümündə daha da artacağını gözləyirdik”. 

Bunu APA-ya Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assenti, həkim-infeksionist Nilufər Məmmədova deyib. O bildirib ki, bu, həm mövsümi dəyişikliklərin orqanizmə təsiri, həm virusun soyuq havalarda yoluxduruculuğu üçün əlverişli şəraitin olması, həm də qapalı məkanlarda çox olmaqla əlaqəlidir: “Yay aylarında virusun tam yox olacağını gözlədiyimiz halda təəssüf ki, bunu müşahidə etmədik. Bizi daha hansı sürprizlərin gözlədiyindən xəbərsiz olduğumuz üçün ən yaxşı addım qorunma tədbirlərinə daha ciddi riayət etməkdir”. 

İnfeksionist vurğulayıb ki, insanlar əlləri tez-tez yumalı və ya dezinfeksiya etməli, sosial məsafəni gözləməli, maska taxmalıdır: "Vətəndaşlar maska ilə bağlı qaydalara düzgün riayət, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməli, kütləvi toplaşmalardan uzaq durmalı və xəstəliyin bir simptomu olsa belə, dərhal həkimə müraciət etməlidirlər”.

N. Məmmədova qeyd edib ki, son günlər insanlarımız əsgərlərə pay göndərirlər və bu, çox qürurverici haldır: “Pandemiyanın davam etdiyini xatırlatmaq borcumuzdur. Düşünürəm ki, xüsusən əsgərlərimiz  mövzusunda daha ehtiyatlı olmalıyıq. Belə ki, əsgərlərə aparılan yardımlar və yardımı çatdıranlar  virus daşıyıcısı olaraq onlar üçün təhlükəli ola bilər. Səbrli olaq, qaydalara riayət edərək ordumuza dəstək olmağa çalışaq!”. 

ONA

Teqlər: