Prezident İlham Əliyev: “Biz elə işləməliyik, bu vəziyyətdən az itkilərlə çıxaq"
  • SOSİAL

  • 08:24 29 Mart 2020

Prezident İlham Əliyev: “Biz elə işləməliyik, bu vəziyyətdən az itkilərlə çıxaq"

“Hesab edirəm ki, icbari tibbi sığortanın Azərbaycanda tam tətbiq edilməsi nəticəsində biz səhiyyə sistemində çox ciddi dönüşə nail olacağıq. Bildiyiniz kimi, üç şəhərdə pilot layihə həyata keçirilmişdir. Mənə verilən məlumata görə, o şəhərlərin sakinləri İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətindən çox razıdırlar, həkimlər də razıdırlar və xəstələr də lazımi müalicə alırlar. Ona görə bu ildən başlayaraq ölkə üzrə icbari tibbi sığortaya tam keçid nəzərdə tutulurdu. Ancaq koronavirus xəstəliyinin müdaxiləsi nəticəsində bu proqramın icrası müəyyən dərəcədə təxirə salına bilər. Çünki biz öz addımlarımızı vəziyyətə görə atmalıyıq. O cümlədən hesab edirəm ki, koronavirusla mübarizədə də biz qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində vəziyyəti nəzarət altında saxlayırıq. Halbuki bir daha demək istəyirəm, ən inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıbdır”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında çıxışı zamanı deyib.

Prezidentin sözlərinə görə, minlərlə insanın ölməsi və xəstəliyin demək olar ki, dünyada geniş yayılması bütün ölkələr üçün böyük sınaqdır, böyük çağırışdır: “Biz elə işləməliyik, elə tədbirlər görməliyik ki, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu məqsədlə mənim göstərişimlə operativ qərargah yaradıldı. Qərargah 24 saat işləyir. Hesab edirəm ki, qərargahın fəaliyyəti nəticəsində biz çox önəmli addımlar ata bildik”.

Dövlət başçısı qeyd edib ki, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq: “Hesab edirəm ki, biz birinci ölkələrdən idik ki, bu təşkilatla təmas yaratdıq və onların mütəxəssislərini ölkəmizə dəvət etdik. Onlar vəziyyətlə tanış oldular və bizdə görülən işlərə yüksək qiymət verdilər. Eyni zamanda, biz beynəlxalq aləmin məsuliyyətli və çox dəyərli üzvü kimi Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə verdik. Bu da bizim ümumi işimizə, dünyanın üzləşdiyi problemin həllinə verdiyimiz dəyərli töhfədir. Əlbəttə, ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq. Ona görə martın 14-də və ondan sonrakı tarixlərdə qəbul edilmiş qərarlar, karantin rejiminin tətbiq olunması, sabahdan etibarən yeni məhdudlaşdırıcı tədbirlərin görülməsi və onların qüvvəyə minməsi hesab edirəm ki, vəziyyətə uyğun atılmış addımlardır. Çünki biz birinci ölkələrdən idik ki, ali məktəbləri, məktəbləri, uşaq bağçalarını bağladıq, quru sərhədlərimizi bağladıq, aviareyslərin sayını kəskin azaltdıq”.

Rəşad Sarıyev

Teqlər: