Prezident İlham Əliyev: "Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir"
  • SOSİAL

  • 21:54 23 İyul 2020

Prezident İlham Əliyev: "Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir"

“Hesab edirəm ki, Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Eyni zamanda, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilibdir. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir. Çünki buna qədər Samur çayından birbaşa kanal vasitəsilə su Ceyranbatana gəlirdi. Əgər ortada bu böyük su hövzəsi olmasaydı, biz bu gün Bakını içməli su ilə təmin edə bilməzdik. Bu, birmənalıdır. Ona görə bu layihənin icrası və ümumiyyətlə Samur çayının sularının ədalətli bölüşdürülməsi üçün çox böyük işlər görülüb. Eyni zamanda, bu, Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələrini böyük dərəcədə artırıb, təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir və indi o torpaqlarda geniş kənd təsərrüfatı işləri görülür”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə dair videoformatda keçirilən müşavirə zamanı deyib.

Dövlət başçısı digər böyük layihə kimi Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsindən də danışıb: “O vaxt layihə başa çatanda bu təmizləyici qurğu dünyanın ən böyük təmizləyici qurğusu hesab olunurdu. O vaxtdan bu günə qədər bəlkə də haradasa daha da böyük qurğular tikilib. Amma söhbət ondan getmir. Əsas məsələ odur ki, Bakı şəhərinə keyfiyyətli suyun verilməsi artıq mümkün olub.

Təbii ki, mən Şəmkirçay su anbarının əhəmiyyətini də qeyd etməliyəm. Bu gün Şəmkirçay su anbarı bizim su resurslarının yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır, orada əkin sahələri genişləndirilir. Beləliklə, Taxtakörpü şimal zonasının, Bakının, Şəmkirçay qərb bölgəsinin su ilə təminatında mühüm rol oynayır.

Bununla paralel olaraq, son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir. Mütəxəssislər bunu yaxşı bilir, bu, çox böyük rəqəmdir”.

ONA

Teqlər: