Zəlzələ bölgəsindən REPORTAJ  - [color=red]VİDEO[/color]
  • SOSİAL

  • 16:10 06 Sentyabr 2019

Zəlzələ bölgəsindən REPORTAJ - VİDEO

Bu ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonları ərazisində baş verən zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı görülən işlər yekunlaşmaq üzrədir.

APA TV-nin xəbərinə görə, bu günə kimi rayon Fövqəladə Hallar komissiyalarına 10 649 müraciət daxil olub ki, bunlardan 10 608-nə baxılıb.

FHN-in zəlzələ bölgəsi üzrə qərargah rəisi Həsən Qasımzadə bildirib ki, komissiyanın rəyinə uyğun olaraq regionda 847 ədəd fərdi yaşayış evi qəzalı hesab edilib: “Yəni bu fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Məlumat üçün bildirirəm ki, bu günə kimi 547 ev komissiya tərəfindən qəzalı hesab edilib. Bu gün həmin işlərə başlanıb. Hazırda tikintisi başa çatmış 251 fərdi yaşayış evi, tikintisi aparılan isə 257 fərdi yaşayış evi vardır”.

Ölkə başçısının tapşırığı və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə görülən işlər davam etdirilir: “Cari ilin fevral ayında yeraltı təkanlar zamanı dağılıb yararsız hala düşən bəzi evlərin yerində yeni mənzillərin inşası mümkün olmadığına görə şəhərin 20 Yanvar küçəsində 4 mərtəbəli, 44 mənzilli, 2 girişli binanın tikintisinə başlanılıb. Mart ayında təməli cənab prezident tərəfindən qoyulan binanın sentyabr ayının sonunda təhvil veriləcəyi planlaşdırılır”.

Bu günə kimi 2192 evin bərpaya ehtiyacı var ki, onlardan 1339-da bərpa işlərinə başlanılıb. 449 fərdi evdə bərpa işləri yekunlaşıb, digər ünvanlarda isə davam etdirilir. Sakinlər yaradılan şəraitdən razı olduqlarını bildiriblər: “Evimizin əvvəlki vəziyyəti çox qəzalı vəziyyətdə idi və zəlzələ baş verəndə artıq çöküntülərin baş verdiyini görmüşdük. Buna görə də yaşayış vəziyyəti yox idi. İndi hazırda evimizin əvvəlki vəziyyətinə baxanda evimizin şəraiti daha əlverişlidir, daha yaxşı şəraitdə baş verir”.

Bundan əlavə, Aşıq Məmmədağa küçəsində 110 mənzilli, 3 binanın tikintisi davam edir. Binaların oktyabrın sonuna qədər təhvil veriləcəyi gözlənilir.

Rahat, təmirli və təhlükəsiz mənzildə yaşamaq hər kəsin istəyidir. Zəlzələdən zərər çəkən sakinlərin bir qismi artıq bu istəyinə nail olub. Digər vətəndaşlarımızın da qısa zamanda yeni evlərlə təmin olunmasına isə az qalıb.