Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib - [color=red]FOTOSESSİYA[/color]
  • SOSİAL

  • 14:57 14 Oktyabr 2019

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib - FOTOSESSİYA

Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib. APA-nın məlumatına görə, vida mərasimi Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Mərasimə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklillər göndərilib.

Vida mərasimində Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Xarici İşlər Nazirinin müavinləri Hafiz Paşayev və Xələf Xələfov, elm, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

V. Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, tanınmış ilahiyyatçı, şərqşünas alim, əməkdar elm xadimi V.Məmmədəliyev uzun sürən xəstəlikdən sonra oktyabrın 13-də, 77 yaşında vəfat edib.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhəri Kürdəxanı kəndində anadan olub. 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil alıb. O, akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə tərcümə edib. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunub. 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik edib. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilib.

V.Məmmədəliyev "Şərəf" və "Şöhrət" ordenləri ilə də təltif edilib.