• SOSİAL

    17:49 16 sentyabr 2019

Yarım əsr yaşı olan məktəbdə Bilik günü - VİDEO - REPORTAJ

Bilik günü – ilk zəng, həyəcan, gül dəstələri və qar kimi ağ saç lentləri...

Birinci sinif şagirdlərinin sevinci, valideynlərin həyəcanı, müəllimlərin gözləntisi...

Beləcə, bu gün məktəblərin ilk zəngi çalındı.

Birincilərin göz yaşları "Bilik günü"nün vazkeçilməzidir. İsti ana nəfəsindən bir neçə saatlıq ayrı düşən birincilər həyəcanlı idilər.

Yarım əsr yaşı olan Nazim İsmayılov adına 80 saylı məktəbdə “Bilik günü”nü zövqlə kameramızın yaddaşına aldıq.

80 saylı məktəbin direktor əvəzi İlahə Axundova deyir ki, 1970-ci illərdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən orta məktəblərdən 72, 74, 169, 213 nömrəli məktəblər beynəlmiləl məktəblər kimi fəaliyyət göstərirdi. 1969-cu ildə isə ulu öndər Heydər Əliyevin sərəncamı ilə yeni tikilmiş məktəb sırf milli məktəb kimi formalaşıb. Beləliklə, rus bölməsi olmayan bu təhsil ocağı Azərbaycan bölmələri əsasında uğurlar qazanıb: “Bu gün hər yerdə bayramdır. “Bilik günü” savada, biliyə gedən ilk yoldur. Bu gün bizim məktəbdə də böyük təntənə ilə qeyd olunur. 80 saylı məktəbin 2000 yaxın şagirdi var. Məktəbin 7 birinci sinfi var, 174 nəfərdir. Bütün müəllimləri, məktəbimin bütün kollektivini təbrik edirəm. Şagirdlərimizə zehin açıqlığı arzulayıram”.

İlk dəfə məktəb partası arxasında oturub şarla oynayan, gözlərini aynaya dikib yol gözləyən, müəlliməsini diqqətlə dinləyən birincilər həvəsli görünürdü.

Cəmi bir nəfər gözüyaşlı 1-ci sinif şagirdi ilə rastlaşdıq. Qalanları sevincli görünürdü. Bizi görər-görməz şer söyləməyə başladılar.

Ən maraqlı anların yaşandığı ilk dərs günündə şeir bilməyənlər də oldu. Hətta şeir yox, tapmaca deyib, özlərinin təbirincə desək, yaxşı hesablamalar bildiyini gizlətməyənlər də.

80 №-li tam orta məktəbin ibtidai sinif müəlliməsi Nüşabə Xəlilova şagirdlərinə ilk dərs gününün mövzusu barədə məlumat verdi: “Bilik gününüzü təbrik edirəm. Uşaqlar, bu gün önəmli gündür. Siz məktəbə ilk addımlarınızı atırsınız. Bu gün sizlərə ilk dəfə idman və sağlamlıqdan danışacağıq”.

İlk dərs günün ikinci video materialı isə 80 saylı məktəbin idman sahəsində uğur qazanan şagirdlərinə həsr olunmuşdu.

Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin laureatı olan bu təhsil ocağı elə ilk dərs günündən fərqlilik nümayiş etdirdi. Şagirdlər iki dərs saatından sonra müəllimləri ilə birgə məktəbin idman zalına yollandılar. Birincilərin sevincinin həddi-hüdudu yox idi. İdman zalında məktəbin idman müəllimi və sinif rəhbərləri ilə birlikdə bacarıqlarını nümayiş etdirdilər.

“Sağlam bədəndə sağlam ruh olar” devizi ilə ilk dərs gününə başlayan birinciləri təbrik edir, onlara uğurlar diləyib məktəbin digər sinif otaqlarına da baş çəkirik.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. Hazırda respublikada 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və yeddi əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən, 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.

Yeni tədris iliniz uğurlu olsun!

ONA

Teqlər:

SON XƏBƏRLƏR