Fransanın milli dövlət maraqları erməni maraqlarına qurban verilir - [color=red]TƏHLİL[/color]
  • TƏHLİL

  • 17:15 19 Noyabr 2020

Fransanın milli dövlət maraqları erməni maraqlarına qurban verilir - TƏHLİL

ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa ermənipərəst fəaliyyəti ilə Azərbaycan və Türkiyəni narazı salacaq bütün addımları atıb. İndi də Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma “qurumu” tanımağı düşünür. Fransa Senatının belə bir qətnaməni müzakirəyə çıxarmağa hazırlaşması isə Bakı və Ankarada ciddi narazılığa səbəb olub. Lakin qeyd olunmalıdır ki, Fransa Senatı bu məsələ ilə bağlı müsbət qərar qəbul etsə belə, qəbul edilən qətnamənin heç bir hüquqi çəkisi olmayacaq. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquqla qorunur və hansısa ölkənin bir orqanı bu müddəanı poza bilməz.

Digər tərəfdən, Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən Senata təqdim edilən sənəd yalnız bir qətnamədir və icrası məcburi deyil. Bu və ya digər məsələlərlə əlaqədar il ərzində yüzlərlə təşəbbüs irəli sürülür, lakin onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır. Qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma “qurumun” tanınmasından daha çox, onun tanınmağa ehtiyacı olduğunun iddiasıdır. Yəni, bu qətnamə ətrafında qaldırılan hay-küy erməni lobbisinin oyunundan başqa bir şey deyil. Erməni lobbisi Fransada təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır. Erməni lobbisinin belə fəaliyyəti Fransanın mühafizəkar siyasi dairələrində də qıcıq doğurur və bu səbəbdən ermənilər öz təsir güclərini Fransada da itirməyə başlayıblar.

Görünür ki, erməni lobbisinin əlində alətə çevrilən fransız siyasətçilər Fransanın Avropa ölkəsi kimi dəyərini azaltdıqlarının, onun demokratiyanın düşməni, erməni klanına xidmət edən ölkə kimi qələmə verilməsinin fərqində deyillər. Onu da qeyd edək ki, Fransa prezidenti Makron özü də transmilli, “elektron dövlət” modelini dəstəkləyən sima kimi tanınır. Odur ki, ölkədə nüfuzu gündən-günə düşür. Makron bu gün fəaliyyəti ilə sübut edir ki, erməni lobbisinin maraqlarına xidmət edir, milli dövlət maraqlarını erməni maraqlarına qurban verir.

Əslində, Faransa Senatının qəbul edəcəyi sənəd Parisin siyasətini müəyyən edə bilməz. Belə ki, Senat Fransanın xarici siyasətin müəyyənləşdirilməsində yekun söz sahibi olan təsisat deyil, qətnamələr yalnız hökumət icazə verdiyi təqdirdə, səsverməyə çıxarıla bilər. Senatın cədvəlində də bu sənəd “qəbul oluna bilər” başlığı ilə keçir, onun mütləq şəkildə qəbul edilməsinə ehtiyac duyulmasına işarə verilmir.

Qeyd edək ki, Fransa parlamenti əvvəllər də ermənilərin maraqlarına xidmət edən sənədlər qəbul edib. Məsələn, "erməni soyqırımı" inkar edənləri 1 ilədək həbs cəzası və 45 min avro məbləğində cərimə nəzərdə tutulması ilə bağlı qanun qəbul edilərkən Fransa-Türkiyə təşkilatlarının yüzlərlə fəalı Parisdə parlament binası qarşısında nümayiş keçirdi və Fransa alimləri qanun layihəsinə qəzəbli reaksiya verdilər.

Məsələ ondadır ki, bu gün Fransada yarım milyonadək etnik erməni yaşayır. Lakin bu o demək deyil ki, ermənilər istədikləri qanunun qəbuluna nail ola bilərlər. Onu da unutmaq lazım deyil ki, bu gün Fransa parlamentində prezident Makrona rəğbəti olmayan xeyli siyasətçi təmsil olunub. Onlar anlayırlar ki, Makron sənədi öz rəqiblərinin vasitəsilə Senata çıxarmağa çalışır, odur ki, bu oyunda iştirak etmək istəmirlər. İstənilən halda bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirir.

Fransa Senatı erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Məsələn, İtaliya Deputatlar Palatası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib. Paris isə əks mövqe nümayiş etdirir. Fransada belə ziyanlı təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar.

Görünən budur ki, Fransa da daxil olmaqla bir sıra ölkər Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər. Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasəti Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir. Bununla da fransız siyasətçilər ilk növbədə öz maraqlarına zərbə vururlar.

Paris üçün Bakı hər baxımdan daha cəlbedici tərəfdaşdır. Lakin belə ədalətsiz addımlar iki ölkə arasında münasibətləri korlaya bilər. Prezident İlham Əliyev ilk gündən bəyan edib ki, “əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər, onlara Dağlıq Qarabağ Respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, düşünürəm ki, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”.

Göründüyü kimi, Bakının da deməyə sözü var. Lakin Azərbaycan Fransa ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan prezidentləri Heydər Əliyev və  İlham Əliyev dəfələrlə Fransaya səfər edib. Fransa prezidentləri də Azərbaycana rəsmi səfərlər ediblər. Energetika, nəqliyyat, kosmik sənaye, kənd təsərrüfatı, təhsil və digər sahələrdə iki ölkənin əlaqələri inkişaf edir. Bu əməkdaşlıqda Fransa da maraqlıdır. Odur ki, Senat avantürist qətnaməni müzakirə etməzdən əvvəl öz dövlətinin maraqlarını nəzərə almalı və Fransa kimi bir Avropa ölkəsini iflasa uğramış Ermənistan kimi cırtdan bir ölkənin vassalına çevirməməlidir.

APA Analytics

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR